BMT İNKİŞAF PROQRAMI LAYİHƏSİNİN İCRASI SÜRƏTLƏNDİRİLİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə dəyəri 36,2 min ABŞ dolları olan layihənin icrası vəziyyəti müzakirə edilmişdir. Heydər Babayev Azərbaycan Prezidentinin 2004-cü il 27 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya”ya uyğun olaraq, neft gəlirlərinin qeyri-neft bölməsinə yönəldilməsinin iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırmış və vurğulamışdır ki, bu strategiyanın əsasını əhalinin həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. O demişdir ki, iqtisadi imkanımız artdıqca insan resurslarının inkişafına, əhalinin sosial təminatının yaxşılaşdırılmasına daha çox vəsait ayrılır.
Nazir qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsində bu layihənin əhəmiyyətini qeyd etmişdir.
Ekspertlər layihə çərçivəsində görülən işlərdən danışmış, neft bölməsi ilə iqtisadiyyatın digər sahələri arasında qarşılıqlı əlaqələri əks etdirən modelin hazırlanması, xarici ölkələrin qabaqcıl təhsil təcrübəsinin ölkəmizdə tətbiqi, azərbaycanlı tələbələrin xaricdə təhsil alması imkanlarının artırılması, insan resurslarının inkişaf etdirilməsi üzrə prioritetlərin qiymətləndirilməsi, əmək bazarında bacarıqlara olan tələbatın formalaşdırılması istiqamətləri üzrə həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.
Heydər Babayev rəhbərlik etdiyi qurumun layihənin reallaşdırılmasına hər cür dəstək verəcəyini vəd etmişdir.
Görüşdə layihəyə əsasən yaradılması nəzərdə tutulan Məşvərət Şurasının tərkibi müzakirə edilmiş, ekspertlərin Bakıya növbəti səfərinin vaxtı müəyyənləşdirilmişdir.