BMT-nin Beynəlxalq Məhkəməsi İran ilə əlaqədar ABŞ hökumətinə məktub göndərib
Tehran, 2 aprel AZƏRTAC.
BMT-nin Beynəlxalq Haaqa Məhkəməsi ABŞ hökumətinə İrana qarşı tətbiq olunan bəzi sanksiyaların aradan qaldırılmasını tələb edən məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məhkəmə ABŞ-dan tibb, ərzaq və aviasiya sahələrinə tətbiq etdiyi sanksiyaları ləğv etməsini tələb edir. Bu sanksiyalar beynəlxalq qanunlara və hüquqi normalara zidd olmaqla yanaşı, həmçinin qeyri-insani davranışdır.
Beynəlxalq məhkəmədə İranın hüquqlarını müdafiə edən vəkil Möhsün Möhəbbi mətbuata açıqlamasında deyib ki, rəsmi Vaşinqton sanksiyalar tətbiq etməklə İranda xalqı rejimdən qorumağa çalışdığını bəyan edir. Lakin ABŞ-ın tətbiq etdiyi sanksiyalardan birbaşa xalq əziyyət çəkir. O bildirib ki, xəstə adamların sanksiya ucbatından müalicə üçün dərman tapa bilməməsi insanlığa qarşı yönəlmiş cinayətdir.
Xatırladaq ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ İran ilə Qərb dövlətləri arasında sanksiyaların ləğvi haqqında imzalanan razılaşmadan çıxdı və sanksiyaları bərpa etdi. Rəsmi Tehran Vaşinqtonun bu addımını beynəlxalq hüquqa zidd sayaraq, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi. Məhkəmə işə baxaraq qərar qəbul etdi. Məhkəmənin qərarına əsasən, ABŞ İranın tibb, ərzaq və mülki aviasiya sahələrinə tətbiq etdiyi sanksiyaları aradan qaldırmalıdır. Məhkəmənin qərarında deyilir ki, bu sahələrə qarşı sanksıyaların tətbiq edilməsi beynəlxalq qanunlara ziddir.
Qeyd etmək lazımdır ki, məhkəmə ABŞ-dan mayın 16-na kimi cavab verməyi tələb edib.
ABŞ-ın məhkəmənin tələbini yerinə yetirib-yetirməyəcəyi istər İran, istərsə də beynəlxalq mətbuatda çox müzakirə edilir və müxtəlif fikirlər səslənir. Lakin rəsmi Vaşinqtonun hansı addımı atacağını zaman göstərəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran