BMT TƏHLÜKƏSİZLİK ŞURASI SƏDRİNİN İRANA DAİR BƏYANATININ YENİ LAYİHƏSİ AÇIQLANMIŞDIR
Bəyanat TŞ-nin bütün üzvlərinin fikirlərini əks etdirərək, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Məhəmməd əl-Baradeinin üç həftə əvvəl TŞ-yə göndərdiyi məruzəyə cavab reaksiyasıdır. Xatırladaq ki, BAEA Müdirlər Şurasının fevralın 4-də Vyanada keçirilən növbədənkənar sessiyasında qurum BMT TŞ-ni İranın nüvə proqramı ilə bağlı məlumatlandırmaq və baş direktor M. əl-Baradeinin müvafiq məruzə göndərməsi barədə qərar qəbul etmişdi. Bu sənəddə deyilirdi ki, BAEA İranın nüvə proqramının sırf dinc məqsədlər daşıdığına təminat verə bilmir.
Yeni layihədə kütləvi qırğın silahının beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olduğu barədə müddəa çıxarılmışdır. Diplomatların sözlərinə görə, bu ifadə BMT Nizamnaməsinin icbari tədbirlər, o cümlədən güc tətbiq edilməsini nəzərdə tutan 7-ci fəslinin müddəalarını hərəkətə
gətirmək üçün formal bəhanədir. İndi bu, BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə görə məsuliyyət daşıdığını diqqətə çatdıran bəndlə əvəzlənmişdir.
Yeni layihədə Şura BAEA-nın baş direktorundan İranın bu qurumun tələblərini necə yerinə yetirdiyi barədə məruzəni 30 gün müddətində hazırlayıb TŞ-yə və Müdirlər Şurasına göndərməyi tələb edir. Əvvəlki 2 variantda bu məqsədlər üçün İrana 2 həftə vaxt verilmişdi.
Layihədə Tehranı onun nüvə proqramının dinc xarakter daşıdığına beynəlxalq birliyin etimadını bərpa etmək və bununla əlaqədar uranın saflaşdırılması ilə, o cümlədən elmi tədqiqatlar və layihələrlə bağlı hər hansı işlərə BAEA-nın nəzarəti altında moratoriumun yenidən tətbiq olunması istiqamətində addımlar atmağa çağıran müddəa saxlanılmışdır.