REGİONLAR
BMU-nun ictimai və sosial həyatında fərqlənən tələbələr mükafatlandırılıb
![](/files/galleryphoto/2024/1/1200x630/17068753346265131886_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068753341524745928_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068753342592638081_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068753341252729420_1200x630.jpg)
Xırdalan, 2 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 2 Fevral - Gənclər Günü münasibətilə ali təhsil müəssisəsinin ictimai və sosial həyatındakı səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup tələbə ilə görüşüb.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda da uğurla həyata keçirilən, Azərbaycanın məqsədyönlü inkişafında prioritet xətt təşkil edən gənclər siyasətindən, eyni zamanda, gənclərin hərtərəfli inkişafı, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı məqsədi ilə dövlət tərəfindən göstərilən dəstək və qayğıdan söz açıb. Ölkəmizin intellektual potensialının təmin edilməsinin, milli maraqlara uyğun güclü kadr siyasətinin formalaşdırılmasının təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu önə çəkən rektor bildirib ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə qayıdışından sonra uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərin xaricdə nüfuzlu ali məktəblərə göndərmək təcrübəsi kimi vacib təhsil ənənəsinin əsasını qoyması idi.
Bu ənənənin hazırda yeni dövrün çağırışlarına uyğun davam etdirildiyini, çoxsaylı dövlət proqramlarının qəbul və icra olunduğunu deyən rektor, bu sırada “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da ölkəmizin kadr potensialının güclənməsində mühüm rol oynadığını söyləyib. Bildirib ki, proqrama uyğun olaraq, dünyanın aparıcı universitetləri ilə 5 beynəlxalq ikili diplom proqramı icra olunur və onlardan biri BMU ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramıdır.
Rektor dövlət başçısı tərəfindən ötən gün imzalanan “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla mükafatlandırılanlar sırasında BMU-nun məzunlarının da yer aldığını xüsusi vurğulayıb.
Azərbaycan gənclərinin vətənpərvərlik, dövlətçilik prinsiplərinə əsaslanaraq, milli adət-ənənələrə, eləcə də ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişdirildiyini deyən Yaqub Piriyev, bütün dünyanın 44 günlük Vətən müharibəsi zamanı müstəqil Azərbaycanda bu yüksək keyfiyyətlərə malik gəncliyin formalaşdığının əyani şahidi olduğunu söyləyib.
Çıxışında növbədənkənar prezident seçkilərinə sayılı günlərin qaldığını söyləyən rektor suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün ərazilərdə seçki məntəqələrinin fəaliyyət göstərəcəyini və bunun xüsusən yeni səs verəcək tələbələrin yaddaşında böyük tarixi hadisəyə çevriləcəyini bildirib.
Sonra tələbələrin ümumi fikirləri, qayğıları, o cümlədən başa çatan qış imtahan sessiyasının nəticələri ilə yaxından maraqlanan rektor, onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Yeni nəslin intellektual potensialının reallaşması ilə bağlı universitetdə aparılan davamlı işlərə də diqqət çəkən Yaqub Piriyev elm, innovasiya axtarışında olan istedadlı, yaradıcı gənclərin aşkarlanması, onların qabiliyyətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı görüləcək işlərdən danışıb.
Tədbir universitetin ictimai və sosial həyatında fəallığı ilə seçilən BMU-nun tələbələrinə fəxri fərmanların təqdim olunması ilə yekunlaşıb.