BMU-nun magistratura səviyyəsində “Süni intellekt” üzrə kadr hazırlanacaq
Bakı, 15 iyul, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 2026/2027-ci tədris ilindən etibarən magistratura səviyyəsində “Kompüter elmləri” ixtisası üzrə “Süni intellekt” ixtisaslaşması tədris ediləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, yeni ixtisaslaşmanın əsas məqsədi süni intellekt sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və rəqəmsal iqtisadiyyatın tələblərinə cavab verən insan kapitalının formalaşdırılmasıdır. Tədris proqramı çərçivəsində tələbələr maşın öyrənməsi, generativ süni intellekt, data elmi və “Big Data” texnologiyaları, neyron şəbəkələr, dərin öyrənmə, təbii dilin emalı, bulud hesablamaları, kompüter görməsi, “data mining”, həmçinin süni intellekt üçün ehtimal və statistika kimi istiqamətlər üzrə nəzəri bilik və praktik bacarıqlara yiyələnəcəklər.
Bundan əlavə, proqram tələbələrə data analitikası, kibertəhlükəsizlik, biznes analitikası, qərar qəbuletmə, habelə innovativ layihələrin hazırlanması və tətbiqi sahələrində peşəkar səriştələr qazandıracaq.
Tədrisin ilkin mərhələsində tələbələrə peşə istiqaməti üzrə zəruri riyazi, texniki və texnoloji biliklər veriləcək. Sonrakı mərhələlərdə onlar süni intellekt, maşın öyrənməsi, təbii dilin emalı və neyron şəbəkələr üzrə qabaqcıl metod və texnologiyaları mənimsəyəcəklər.
Yekun mərhələdə magistrantlar elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri keçəcək, əldə etdikləri bilikləri real iş mühitində tətbiq etmək imkanı qazanacaq, həmçinin magistrlik dissertasiyalarını müdafiə edəcəklər.