ELM VƏ TƏHSİL
BMU tələbələrinə “TələbəPlus” kartları təqdim olunub
Xırdalan, 7 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin tələbələr üçün birgə layihəsi olan “TələbəPlus” kartlarının təqdimetmə mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. BMU-nun rektoru Yaqub Piriyev tədbirdə iştirak edən hər üç qurumun nümayəndə heyətinə qısa müddətdə reallaşdırılan bu layihəyə görə təşəkkürünü bildirib və güzəştli kartların tələbələr tərəfindən məmnunluqla qarşılandığını deyib. Rektor bütün ali məktəblərin tələbələrinə endirim, güzəşt və keşbek imkanları yaradan kartların sosial dəstək xarakteri daşıdığını təqdir edib, gənclər üçün perspektivdə daha əlverişli layihələrin, ideya və təşəbbüslərin irəli sürüləcəyinə inandığını söyləyib. Rektor çıxışında universitetin inkişafı barədə, habelə nəzərdə tutulan tələbəyönümlü layihələr barədə də məlumat verib.
TİF İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında beynəlxalq təcrübə əsasında nüfuzlu tərəfdaşlarla birgə həyata keçirilən bu layihə istiqamətində universitetlərlə imzalanmış əməkdaşlıq müqavilələrini xatırladıb, qısa zamanda ölkə üzrə bütün tələbələr üçün kartların hazırlandığını, həmin kartların tez bir vaxtda paylanılacağını diqqətə çatdırıb. BMU-nun kartların paylanıldığı ilk universitetlərdən biri olduğunu önə çəkən Fond sədri tələbələrə hazırda güzəştin tətbiq olunduğu və gələcək üçün nəzərdə tutulan xidmət sahələrini sadalayıb. O, imtiyazlarda məqsədin tələbə məmnuniyyəti yaratmaq, gənclərin tələbəlik həyatını asanlaşdırmaq, sosial rifahına dəstək göstərmək olduğunu deyib. Əlavə edib ki, sonrakı mərhələdə vahid tələbə kartlarından peşə və orta ixtisas təhsili müəssisələrində təhsilalanların, növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşların faydalanması üçün işlər aparılır.
Sonra universitetə yüksək balla qəbul olan I kurs tələbələrinin bir qisminə “TələbəPlus” kartları təqdim edilib.