BMX üzrə dünya çempionları Bakı mundialında start xəttinə çıxacaqlar
Bakı, 6 iyun, AZƏRTAC
Velosiped idmanının BMX növü üzrə sonuncu dünya çempionatının qalibləri Bakıda keçirilən mundialda start xəttinə çıxacaqlar.
AZƏRTAC xəbər verir ki, ötən il ABŞ-da təşkil olunan dünya çempionatında kişilərin yarışında Korben Şarra 32,913 saniyəlik göstərici ilə birinci olmuşdu. Bu nəticə ilə ABŞ idmançısı ilk üçlükdə qərarlaşan fransalı velosipedçilər Silven Andreni və Joris Dodeni qabaqlamışdı.
Qadınların yarışında isə ABŞ təmsilçisi Eliz Post 33,235 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Avstraliyalı Karolin Byukenen çempionatı ikinci, ikiqat Olimpiya çempionu kolumbiyalı Mariana Paxon isə üçüncü pillədə qərarlaşmışdı.
Dünya çempionatında böyüklər arasında yarışlar iyunun 8-9-da keçiriləcək.
Mütəxəssislər titullu idmançıların qatıldıqları Bakı mundialının gərgin idman mübarizəsi şəraitində keçəcəyini proqnozlaşdırırlar.