Botanika İnstitutunda 2024-cü il üçün elmi-tədqiqat işlərinin mövzu planı təsdiqlənib
Bakı, 6 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun baş direktoru professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub.
İclasda institutun şöbə və laboratoriyalarında 2024-cü il üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin mövzu planı müzakirəyə qoyularaq yekdilliklə təsdiq edilib.
Həmçinin Botanika İnstitutunda Mikologiya və ibtidai bitkilər şöbəsinin adının qaytarılması, Eksperimental mikologiya və Alqologiya və lixenobriologiya laboratoriyalarının həmin şöbənin tərkibinə daxil edilməsi təsdiqlənib. Sistematika və biomüxtəliflik şöbəsinin adının dəyişdirilərək Ali bitkilərin sistematikası və filogeniyası adlandırılması və həmin şöbənin nəzdində fəaliyyət göstərən laboratoriyaların Flora və sistematika və Ali bitkilərin ekologiyası və coğrafiyası adlandırılması təsdiqlənib.
Sonra S.İbadullayeva institutun bir qrup əməkdaşını yubileyləri münasibətilə təbrik edib, gündəlikdəki digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.