ELM VƏ TƏHSİL
Botanika İnstitutunda Azərbaycan Gəncləri Günü qeyd olunub
![](/files/galleryphoto/2024/1/1200x630/1706874504121916882_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1706874504185013042_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068745041517537929_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068745044274057969_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068745042247554285_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən direktor Səyyarə İbadullayeva təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən söz açıb. Qeyd edib ki, dövlətin gənclərə diqqət və qayğı göstərməsi Azərbaycan gəncliyində özünəinam hissini artırır. Gənclərin elmə cəlb olunması institut rəhbərliyinin qarşıya qoyduğu vacib məsələlərdən biridir. O, gənclərin beynəlxalq konfranslarda, ezamiyyət və ekspedisiyalarda iştirakı, elmi jurnallarda məqalələrinin çap olunması kimi məsələlərin həllinə daim dəstək verildiyini bildirib.
S.İbadullayeva Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Hüsüyeva gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib, gənc alimlərə yeni elmi nailiyyətlər arzulayıb.
Sonda institutun elmi və ictimai həyatında fəal iştirakına görə seçilən bir qrup gəncə sertifikatlar verilib.