Böyük Britaniyanın ən böyük şəhərlərindən biri iflas etdiyini elan edib
Bakı, 6 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın ən böyük yerli hakimiyyət orqanlarından biri olan Birminqemin Şəhər şurası xərclərin ödənilməsi üçün resursların olmaması barədə məlumat verdiyindən sonra iflas etdiyini elan edib. Bu barədə AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir.
İndi 3,2 milyard funt sterlinq məbləğindəki şəhər büdcəsinin idarə olunmasına cavabdeh olan Birminqem administrasiyası əhalinin həssas qruplarının müdafiəsi də daxil olmaqla, dövlət xidmətləri çərçivəsində göstərilənlərdən başqa öz üzərinə yeni maliyyə öhdəlikləri götürə bilməyəcək.
Şəhərin səlahiyyətliləri mürəkkəb maliyyə vəziyyətlərini kişilərə və qadınlara 760 milyon funt sterlinqə qədər məbləğdə bərabər əmək haqqı haqqında məhkəmə iddiaları üzrə kompensasiyaların ödənilməsinin zəruriliyi və hazırda təqribən 87 milyon funt sterlinq təşkil edən büdcə kəsiri ilə izah ediblər.
“Şəhər şurasının müvəqqəti maliyyə direktoru Fiona Qrinvey Yerli özünüidarəetmə haqqında Qanunun 114 (3) maddəsinə uyğun olaraq hesabat hazırlayıb. Həmin hesabat təsdiq edir ki, şəhər şurası bərabər əmək haqqına xərclərin qarşılanması üçün kifayət qədər resurslara və hazırda bu öhdəliyin yerinə yetirilməsi üçün digər imkanlara malik deyil”, - Birminqem şəhər şurasının bəyanatında deyilir.