BÖYÜK BRİTANİYANIN ŞİMALİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ BRAYAN FOLUN ÇIXIŞI
Xanımlar və cənablar!
Bakıya hər gəlişimdən, eləcə də bu tədbirə qatıldığımdan məmnunluq duyuram.
Sizin bəzilərinizə bəlkə də məlumdur ki, mən 1992-ci ildən bəri Bakıya hər gəlişimdə müəyyən dəyişiklərin şahidi oluram. Dəyişməyən bir şey olmuşdur. Bu da Böyük Britaniyanın bu işin həyata keçirilməsi üçün ən yüksək səviyyədə davam edən daimi dəstəyidir.
Sonra Brayan Fol İngiltərənin Baş naziri Toni Bleyerin təbrik məktubunu oxudu.
X X X
Fransanın Azərbaycandakı səfiri Rolan Blatman Prezident Jak Şirakın təbrik məktubunu oxudu.
X X X
Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev Prezident Georgi Pırvanovun təbrik məktubunu oxudu.
X X X
İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kosta ölkəsinin Nazirlər Şurasının sədri Silvio Berluskoninin təbrik məktubunu oxudu.
X X X
Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara Baş nazir Dzünitiro Koidzuminin təbrik məktubunu oxudu.
X X X
Sonra Avropa Komissiyasının sədri Romano Prodinin təbrik məktubu oxundu.
X X X
Rəsmi hissədən sonra Heydər Əliyev adına sarayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Azəri-Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsi üçün Faza-3 layihəsinin icrası ilə bağlı işlərə başlanması üzrə” Sazişin imzalanma mərasimi oldu.
Sazişi Azərbaycan Dövlət Neft Şirkəti adından və onun tapşırığı ilə şirkətin prezidenti Natiq Əliyev, podratçı tərəflər adından və onların tapşırığı ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Devid Vudvord imzaladılar.
X X X
İmzalanma mərasimindən sonra “Əsrin müqaviləsi”nin onilliyinə həsr olunmuş “Tarixi hünər” sənədli filmi nümayiş etdirildi.
Filmdə Bakının keçmişi, neft sənayesi ilə bağlı tarixi məlumat verilir, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişindən sonra paytaxtda baş vermiş müsbət dəyişikliklərdən, müxtəlif maneələrə baxmayaraq, ölkəmizin neft sənayesinin inkişafı sahəsində atılmış cəsarətli addımlardan bəhs olunur.
Bu sənədli əsərdə dahi siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra neft strategiyasının həyata keçirilməsi, o cümlədən “Əsrin müqaviləsi”nin imzalanması, ilkin neftin hasilatı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin çəkilişinə dair razılığın əldə olunması, kəmərin təməlqoyma mərasimi və digər mühüm hadisələr, ulu öndərimizin “Əsrin müqaviləsi”nin əhəmiyyəti barədə söylədiyi fikirlər öz əksini tapmışdır. Eyni zamanda, Heydər Əliyevin neft strategiyasının uğurla davam etdirilməsi sahəsində Prezident İlham Əliyevin fəaliyyətindən söhbət açılır.
Təntənəli mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, dövlət komitələri və şirkətlərinin rəhbərləri, deputatlar, Bakıda akkreditə olunmuş diplomatik korpusun üzvləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.