BP Azərbaycanla enerji keçidi sahəsində əməkdaşlığı artıracaq
Bakı, 13 mart, AZƏRTAC
BP-nin baş icraçı direktoru Mürrey Aukinklos Azərbaycanda ikigünlük işgüzar səfərdədir.
BP-dən AZƏRTAC-a bildirilib ki, bu səfərdə onu BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel müşayiət edir.
Bu gün səhər Mürrey Aukinklos Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib və görüşdə BP-nin regiondakı əsas biznes fəaliyyətlərini müzakirə edib. Görüş zamanı Mürrey Aukinklos BP-nin Azərbaycanla bağlı öhdəliklərinə sadiq olduğunu bir daha vurğulayıb, şirkətin uzunmüddətli tərəfdaşlıq planları haqqında məlumat verib və BP-nin ölkənin enerji keçidi sahəsində səylərinə dəstək məqsədilə az karbonlu enerji həlləri və yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini bildirib.
Mürrey Aukinklos dünya səviyyəli “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında hazırda aparılan işlər və gələcək işlənmə imkanları haqqında da məlumat verib. O, həmçinin Cəbrayıl rayonunda həyata keçiriləcək “Şəfəq” günəş elektrik stansiyası layihəsi haqqında danışıb və bildirib ki, bu layihə BP-nin operatoru olduğu Səngəçal terminalının elektrikləşdirilməsinə dəstək olmaqla Azərbaycanın və BP-nin öz əməliyyatlarındakı emissiyaları azaltmaq məqsədlərinə töhfə verəcək.
Səfər proqramı çərçivəsində Mürrey Aukinklos iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə də görüşüb. Bu görüşlərdə BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr çərçivəsində aparılan işlər müzakirə olunub.
Səfər zamanı Mürrey Aukinklos şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə rəhbər heyəti ilə görüşləri, BP-nin regional işçi heyəti ilə ümumi görüşü, həmçinin Səngəçal terminalına səfəri də planlaşdırılır.