Britaniya filmi Karlovı Varı festivalının baş mükafatına layiq görülüb
Bakı, 8 iyul, AZƏRTAC
Karlovı Varıda 58-ci Beynəlxalq Film Festivalı başa çatıb. Əsas müsabiqədə baş mükafata ən məşhur müasir ingilis rəssamlarından biri Vilhelmina Barns-Qrehem haqqında rejissor Mark Kuzinsin lentə aldığı “Dərin məzmunlara qəfil baxış” Britaniya sənədli filmi layiq görülüb.
Qaliblərin təltif olunduğu qala gecəsində rejissor Mark Kuzins festivalın prezidenti İrji Bartoşkanın əlindən “Büllur Qlobus”u alıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, əsas müsabiqənin baş mükafatına daxil olan 25 min ABŞ dolları məbləğində pul bərabər paylarda filmin rejissoru və prodüseri arasında bölünür.
Karlovı Varıda romantik vestern “Ölülər zərərsizdir” filmini təqdim edən amerikalı aktyor və rejissor Viqqo Mortensen dünya kinosuna verdiyi töhfəyə görə “Büllur Qlobus”a layiq görülüb.

Münsiflər heyətinin xüsusi mükafatı və 15 min dollar məbləğində pul isə Norveç kinematoqrafçılarının lentə aldığı “Sevimli” (”Lovable”) filminə verilib. Rejissor Loliya İnqolfsdottirin bu ekran əsəri pozulan nikah və qadının bu məsələdə rolundan bəhs edir. Norveç aktrisası Helqa Qyuren bu filmdəki Mariya roluna görə “ən yaxşı aktrisa” elan edilib. “Ən yaxşı aktyor” mükafatına isə Niderland artistləri Ton Kas və Qvido Pollemans “Üçgünlük balıq” filmində yaratdıqları obrazlara görə layiq görülüblər.
“Právo” qəzetinin “Tamaşaçı rəğbəti mükafatı” isə kinofestivalda nümayiş olunduqdan bir neçə dəqiqə sonra böyük alqışlarla qarşılanan rejissor İrji Madlın “Dalğalar” filminə verilib. BU ekran əsərinə 55 minə yaxın kinosevər səs verib.

“Proxima” müsabiqəsinin əsas mükafatı çinli rejissor, ssenarist və operator Çenq-fan Yanqın birgə istehsalı olan “Əcnəbi” filminə verilib. Bu, kinofestivalın ikinci müsabiqə bölməsidir və kəşf edilməsini gözləyən rejissorlar və işlərinə yeni istiqamətlər axtaran tanınmış müəlliflər üçün bir platformadır.
Festivalı iyunun 28-də onun prezidenti İrji Bartoşka açıb. Müsabiqənin əsas münsiflər heyətinə iki il əvvəl dünya kinosuna görkəmli sənət töhfəsinə görə “Büllur Qlobus” mükafatını alan “Oskar” mükafatlı aktyor Ceffri Raş daxil idi.
Karlovı Varıda keçirilən Beynəlxalq Film Festivalı Avropanın ən qədim festivallarından biridir. Bu kino bayramı Kann Film Festivalı ilə eyni yaşdadır, onun da ilk buraxılışı 1946-cı ildə olub.