Brüsseldə “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimi ilə bağlı təqdimat keçirilib
Brüssel, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və NATO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə milli bayramımız - Respublika Günü münasibətilə rəsmi qəbul və “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimi ilə bağlı təqdimat keçirilib.
Rəsmi qəbulda Belçikanın və Avropa İttifaqının yüksək vəzifəli şəxsləri, o cümlədən Belçika Xarici İşlər Nazirliyinin baş katibi Dirk Axten, Avropa İttifaqının Qonşuluq Siyasəti üzrə Baş Direktorluğunun rəhbəri Qerxard Şumann-Hitsler və enerji siyasəti üzrə baş direktorluğun rəhbəri Dominik Ristori, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, mətbuat və diaspor qurumlarının nümayəndələri iştirak ediblər.
Çıxış edən səfir Fuad İsgəndərov ölkəmizin müstəqillik tarixinə qısa nəzərə salaraq bu müddət ərzində əldə olunmuş nailiyyətlərdən, “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində görülmüş işlərdən, bu Oyunların ilk dəfə olaraq Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycanın belə böyük əhəmiyyətə malik idman tədbirinə ilk dəfə ev sahibliyi etməsindən qürur hissi keçirdiyini diqqətə çatdırıb.
Qəbulda “Bakı-2015” ilk Avropa Oyunları barədə qısa film nümayiş olunub, qonaqlara Oyunlarla bağlı nəşrlər və suvenirlər təqdim edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel