BŞİH-də “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans təşkil edilib
Bakı, 6 mart, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Azərbaycan” qəzeti “Heydər Əliyev İli” çərçivəsində birgə konfrans keçirib.
BŞİH-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfransda Ümummilli Liderin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə fikirlər səsləndirilib, respublikamızın mövcud nailiyyətlərinin əsaslarının yaradıcısı olan Ulu Öndərin fəaliyyətinin müxtəlif spektrləri barədə çıxışlar dinlənilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.
Tədbir şəhidlərimizin və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, hər bir vətənpərvər azərbaycanlı üçün Heydər Əliyev və Azərbaycan müəyyən mənada eyni məna daşıyır. O, Ümummilli Liderin 100 illik yubileyini Azərbaycan tarixinin əlamətdar hadisəsi kimi qiymətləndirib. Bu yubileyin mühüm cəhətini vurğulayan Eldar Əzizov deyib: “Biz Ulu Öndərin şəxsində həm Azərbaycanın dünənini, həm bu gününü və ən əsası isə həm də sabahını bir daha təhlil edirik. Heydər Əliyevin yaratdıqları barədə minnətdarlıqla danışırıq, onun yolu əsasında bu gün əldə edilən nailiyyətlərdən fəxrlə söhbət açırıq və yenə də məhz onun sayəsində gələcəkdə qazanacağımız qələbələrin real hədəflərini inamla müəyyənləşdiririk”.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Heydər Əliyevin Azərbaycanın bütün sahələrdə inkişafı və tərəqqisi üçün gördüyü işlərdən ətraflı danışaraq bildirib ki, Ulu Öndər hər gün xatırlanır, hər gün anılır. Çünki daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik. Ulu Öndər Heydər Əliyev hansı ictimai-iqtisadi formasiyada yaşamasından, hansı vəzifə tutmasından asılı olmayaraq daim ölkəsi, xalqı üçün, Azərbaycanın gələcəyi üçün lazımi addımları atıb.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü, professor hacı Surxay Məmmədli, Vətən Müharibəsi Qəhrəmanı, qazi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Anar Mirzəyev, Milli Məclisin deputatı Azər Badamov, Dövlət İdarəçilik Akademiyasının dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Azərbaycan Dillər Universitetinin müəllimi Elşən Məcidov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nigar Hüseynzadə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə həsr edilən mövzularla çıxış ediblər.
Qeyd edək ki, konfransda səsləndirilən bütün çıxışlar “Azərbaycan” qəzetinin növbəti sayında tam şəkildə dərc ediləcək.