Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB









Laçın, 29 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Noyabrın 29-da növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri bu gün 17 ailəyə qucaq açıb və daha 63 nəfərin yurd həsrəti bitib.
Laçına köçən ailələr Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrindən ibarət olub.
Evlərin açarlarının təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi Qalib Abasov, “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev və “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin departament direktoru Natiq Hüseynov, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları iştirak ediblər.
16:21
Noyabrın 29-da Böyük Qayıdış proqramı çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Bu dəfə Laçın şəhəri 17 ailəyə qucaq açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün daha 63 laçınlının yurd həsrəti bitib.
31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurduna qovuşub. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar.
Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bununla da Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.