CƏMİYYƏT
Bu il Gəncədə 1300-ə yaxın şəxs ödənişli ictimai işlərə cəlb olunub
Bakı, 5 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də ödənişli ictimai işlər proqramı icra olunur.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, işsiz və işaxtaranların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan bu proqrama Gəncə şəhərində də əsasən həssas qruplardan olan 1300-ə yaxın şəxs cəlb olunub.
Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da həmin şəxslərin gələcək sosial təminat hüquqlarına əsas yaradır.
Ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrədir.