Bukmekerlər “Eurovision-2011” müsabiqəsinin finalında Fransa, İrlandiya və Azərbaycanın qalib gələcəyini güman edirlər
Maraqlıdır ki, İrlandiyanı təmsil edən “Cedvard” dueti hələ iki gün bundan əvvəl o qədər də populyar deyildi. Özlərinə inamı, enerjisi və yorulmazlığı sayəsində diqqəti cəlb edən əkiz qardaşlar jurnalistlərlə tez-tez ünsiyyətdə olmağa başlayandan sonra mətbuat mərkəzində keçirilən səsvermədə müxtəlif ölkələrin KİV-ləri onları dəstəkləməyə başlamışlar. Bundan əlavə, Azərbaycandan olan Ell & Nikki duetinin orijinallığı hamıdan əvvəl məhz qələm əhlinin diqqətini cəlb etmişdir. Fransalı tenor Amori Vassili jurnalistlər arasında heç vaxt populyar olmamışdı, lakin “Eurovision-2011”də mərc pullarını qəbul edən bukmekerlər məhz bu ifaçının qalib gələcəyini güman edirlər.
Bukmekerlərin fikrincə, Böyük Britaniyadan olan Blue qrupu və estoniyalı Getter Yaani ən yaxşı 5 ifaçı sırasına daxil olacaqdır (ikinci yarımfinalda tamaşaçılardan və münsiflər heyətindən ən çox xal alan məhz Estoniya olmuşdur).
Musiqi dünyasında əsas intriqa bu gecə həll ediləcəkdir. “Eurovision”nın yeni himninin hansı kompozisiya olacağı barədə qərarı tamaşaçılar və peşəkar münsiflər heyəti qəbul edəcəkdir. Yeri gəlmişkən, münsiflər heyəti bu barədə öz qərarını artıq çıxarmışdır. Dünən maskarad geyimli iştirakçıların baş məşqi keçirilmiş, həmin məşqdə hakimlər səs vermişlər.
Bu gün “Eurovision-2011” in 25 finalçısı baş məşq keçirəcək, sonra isə final-şou olacaqdır.
Belarusdan verilən xalların iştirakçılar arasında necə paylanması barədə Minskdə Uşaq “Eurovision-2010” müsabiqəsinin aparıcısı Leyla İsmayılova birbaşa efirdə məlumat verəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk