Bulud resursları ilə bağlı yeni model təklif olunub
Bakı, 28 mart, AZƏRTAC
Son illər internet şəbəkəsinə qoşulan mobil qurğuların sayının sürətlə çoxalması səbəbindən şəbəkənin yüklənməsi artır. Nəticədə bulud resurslarının (proqram təminatlarının) mobil istifadəçilərə çatdırılmasında böyük gecikmələr yaranır. Şəbəkədə yaranan gecikmələri aradan qaldırmaq üçün son illər sərhəd hesablama texnologiyalarından (edge, cloudlet, fog computing və s.) geniş istifadə edilir. Bulud resurslarını istifadəçilərə yaxın “cloudlet”lərdə yerləşdirməklə, bu problemi həll etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə “Mobil cloudletlər”də resursların yerləşdirilməsi üçün məhdudiyyətli k-means alqoritmi” (“Constrained k-means algorithm for resource allocation in mobile cloudlets”) adlı məqalədə məlumat verilib.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin həmmüəllifi olduqları məqalə Çexiya Elmlər Akademiyası İnformasiya Nəzəriyyəsi və Avtomatlaşdırma İnstitutunun nüfuzlu “Kybernetika” jurnalında dərc olunub.
Məqalədə bulud resurslarının “cloudlet”lərdə optimal yerləşdirilməsi üçün klasterləşməyə əsaslanan model təklif edilib. Təklif olunan model bulud resurslarını “cloudlet”lərdə optimal yerləşdirmək üçün istifadəçilərin aktivliyini, bulud resurslarının istifadə tezliyini, istifadəçilərlə bulud resursları arasındakı fiziki məsafəni, həmçinin “cloudlet”lərin yaddaş tutumunu nəzərə alır.
Qeyd edək ki, nüfuzlu “Web of Science” bazasına daxil olan “Kybernetika” jurnalı dünyada informasiya elmləri, statistik qərar qəbuletmə, tətbiqi ehtimal nəzəriyyəsi, qeyri-səlis məntiq və digər bu kimi istiqamətlərdə aparılan yüksək keyfiyyətli tədqiqatların nəticələrini dərc edir.
Jurnal, eyni zamanda, “Scopus”, “Mathematical Reviews”, “Current Mathematical Publications”, “Current Contents ISI Engineering”, “Computing Technology”, “Zentralblatt MATH” və digər bazalarda indeksləşir və referatlaşdırılır.