BUXARESTDƏ QANLI YANVAR FACİƏSİNİN 20-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MƏRASİMİ KEÇİRİLMİŞDİR
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycanın
Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə Rumıniya-Azərbaycan Biznes Forumunda iştirak etmək məqsədi ilə Rumıniyada səfərdə olan azərbaycanlı iş adamları, Heydər Əliyev Fondunun və ARDNŞ-in Rumıniya nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının rəhbərləri və üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, insan hüquqları və digər sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
İştirakçılar əvvəlcə 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuşlar. Sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Eldar Həsənov 1990-cı il yanvarın 20-də Sovet İttifaqı rəhbərliyinin, imperiya ordusunun, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açmış, müstəqilliyinin bərpa edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə qətlə yetirilməsini diqqətə çatdırmışdır. Diplomat faciə nəticəsində 130-dan çox insanın qətlə yetirildiyini, 700-dən artıq insanın yaralandığını qeyd etmişdir. Həmin hadisələrə ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini vurğulayan E.Həsənov ulu öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsi zamanı sovet qoşunlarının törətdikləri vəhşilikləri xatırlamış, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqın yaddaşında əbədi yaşayacağından əminliklərini ifadə etmişlər.
Sonra “Azadlığa aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.
Səfirliyin 20 Yanvar faciəsi ilə əlaqədar hazırladığı mətbuat açıqlaması Rumıniyanın dövlət və hökumət üzvlərinə, bu ölkədəki səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə, qeyri-hökumət təşkilatlarına göndərilmişdir.
Rumıniya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilmişdir.