CARİ İLİN BİRİNCİ YARISINDA AZƏRBAYCAN İQTİSADİYYATININ YÜKSƏK SÜRƏTLƏ İNKİŞAFI DAVAM ETMİŞDİR
Xəbər verildiyi kimi, avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Ölkəmizin şəhər və rayonlarında təşkil olunan yığıncaq və müşavirələrdə ictimaiyyətin nümayəndələri iclasdan irəli gələn vəzifələri müzakirə edirlər. AZƏRTAC-ın müxbirlərinin həmin tədbirlərdən hazırladıqları materialları təqdim edirik.
SURAXANI RAYONU
Cari ilin altı ayında Suraxanı rayonunun sənaye müəssisələrində istehsalın, işlərin, göstərilən xidmətlərin həcmi 66,7 milyon manata, sənayedə çalışan bir işçinin orta aylıq əmək haqqı 466,0 manata çatmışdır. Yeni fəaliyyət göstərən müəssisələrdə və firmalarda 786 nəfər yeni iş yeri ilə təmin olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov məruzəsində demişdir ki, xidmət sahələri tərəfindən 1,3 kilometr qaz, 6,4 kilometr kabel xətləri çəkilmiş, 1,8 kilometr uzunluğunda su borusu dəyişdirilmişdir. Qaz tənzimləyici, sənaye sayğacı və güc transformatorları quraşdırılmışdır.
Bildirilmişdir ki, rayon məşğulluq mərkəzi tərəfindən 211 nəfər işlə təmin edilmiş, 37 nəfərə işsizlik statusu, 41 nəfərə müavinət verilmiş, 16 nəfər peşə kurslarına cəlb olunmuşdur. Hesabat dövrü ərzində 994,1 min manat sosial müavinət ödənilmiş, 3881 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.
SABUNÇU RAYONU
İcra hakimiyyətinin başçısı Əlibala Əliyev cari ilin birinci yarısında Sabunçu rayonunun sosial-iqtisadi inkişafında mühüm nailiyyətlərin əldə olunduğunu, yeni iş yerlərinin yaradıldığını, əhalinin həyat səviyyəsinin yüksəldiyini bildirmişdir. Rayonda 86,9 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, rabitə müəssisələri tərəfindən idarə, müəssisə və təşkilatlara, əhaliyə 2,4 milyon manatlıq xidmətlər göstərilmişdir. Məktəblərdə yeni tədris korpusları tikilmiş, əsaslı təmir işləri aparılmışdır.
26 yeni elektrik transformatoru, 18 su nasosu, 6 elektrik mühərriki quraşdırılmış, 20 qazanxana və 5 istilik məntəqəsi təmir edilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kürdəxanı qəsəbəsində müasir üslubda 2 mərtəbəli poliklinika istifadəyə verilmiş, rayon ərazisində 50 müxtəlif binada məskunlaşmış 2100 məcburi köçkün ailəsinin məişət-kommunal şəraitləri yaxşılaşdırılmışdır.
Yığıncaqda abadlaşdırma işlərindən, təhsil, səhiyyə, idman və digər sahələrdəki uğurlardan söhbət açılmışdır.
ŞAMAXI RAYONU
Cari ilin birinci yarısı Şamaxı rayonunun sosial-iqtisadi həyatı üçün uğurlu olmuşdur. Bu müddətdə rayonda ümumi daxili məhsul istehsalının həcmi ötən ilin müafiq dövrünə nisbətən 53 faiz artmışdır. Bu barədə icra hakimiyyətinin başçısı Nazim İsmayılov hesabat yığıncağında məlumat vermişdir. Bildirilmişdir ki, rayon iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatında məhsul istehsalı 27,9 faiz, poçt və rabitə xidmətlərinin həcmi 83,3 faiz, pərakəndə əmtəə dövriyəsi 49,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 47,5 faiz artmışdır. Taxılçılıqla yanaşı, üzümçülüyün inkişafı da diqqət mərkəzində saxlanılmışdır. Ötən ilin müafiq dövrünə nisbətən mal-qaranın sayı xeyli artmışdır.
Yığıncaqda əhalinin təbii qaz və su təchizatı ilə təminatı barədə də danışılmışdır.