“CAVAD XAN” FİLMİ MOSKVADA NÜMAYİŞ ETDİRİLMİŞDİR
Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 10-da Moskvadakı “Oktyabrski” kinoteatrında “Cavad xan” Azərbaycan filmi nümayiş etdirilmişdir. Tədbir Azərbaycanın Rusiyadakı səfirliyi və Dünya Azərbaycanlıları Konqresinin Rusiya Nümayəndəliyi tərəfindən təşkil edilmişdir. Filmin ssenari müəllifi tanınmış Azərbaycan yazıçısı Sabir Rüstəmxanlı, rejissoru Rövşən Almuradlıdır.
Filmin nümayişindən əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış etmişdir. O, Azərbaycanın zəngin tarixi, Gəncənin görkəmli oğlu, sərkərdə Cavad xan haqqında filmin əhəmiyyətindən söhbət açmışdır. Onun sözlərinə görə, Rusiyanın kino zallarında tarixi filmlər nümayiş etdirilməsi gözəl bir ənənəyə çevrilmişdir. Keçən dəfə bu zalda Qarabağ xanı haqqında film göstərilmişdir. Azərbaycan xalqı üçün bu cür tarixi filmlərin çox böyük əhəmiyyətinin olmasını vurğulayan səfir onu da qeyd etmişdir ki, biz öz tariximizi qorumalı və təbliğ etməliyik. O, filmin müəllifi - şair, dramaturq, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının bu mövzuya müraciət edərək “Cavad xan” filminin ssenarisini yazmasını xüsusi vurğulamışdır.
Sonra çıxış edən Sabir Rüstəmxanlı bildirmişdir ki, “Cavad xan” filminin Rusiya kino zalında nümayiş etdirilməsi onun üçün çox əlamətdar hadisə olmaqla bərabər, filmin yaradıcı uğurları üçün böyük əhəmiyyət kəsb edir. O xatırlatmışdır ki, bu yaxınlarda həmin film Bakıda Heydər Əliyev Sarayında, habelə Gəncədə və respublikamızın digər rayonlarında nümayiş etdirilmişdir. Filmin yaranma tarixi barədə söhbət açan S.Rüstəmxanlı bu cür ideyaların həyata keçirilməsində dövlətimizin rolunu xüsusi vurğulayaraq demişdir: “Müəyyən məqamda maliyyə çətinlikləri yaranmışdı, lakin tariximizin təbliğinə yönəlmiş layihələrə çox böyük əhəmiyyət verən Prezident İlham Əliyev həmin çətinliklərin operativ şəkildə aradan qaldırılmasına kömək etmişdir”.
Sonra filmin yaradıcı qrupunun nümayəndələri çıxış etmişlər. Onlar bu filmin Rusiya paytaxtında göstərilməsinin təşkilinə görə Azərbaycanın Rusiyadakı səfirliyinə, habelə Dünya Azərbaycanlıları Konqresinin Rusiya Nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyevə təşəkkürlərini bildirmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva