CƏBRAYILLILAR MƏCBURİ KÖÇKÜNLƏRƏ DÖVLƏT QAYĞISINDAN RAZILIQ EDİRLƏR
Cəbrayıl, 12 fevral (AZƏRTAC). Cəbrayıl Rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev hesabat məruzəsi ilə çıxış edərək xüsusi vurğulamışdır ki, 2008-ci ildə ölkədə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı tədbirlər uğurla davam etdirilmişdir. Prezidentlik fəaliyyətinin 5 ili ərzində ölkə Prezidenti İlham Əliyev köçkünlərin sosial müdafiəsinə dair 19 fərman və sərəncam imzalamış, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə məskunlaşmış cəbrayıllılarla 2 dəfə görüşmüşdür. Çadır düşərgələrində çox ağır şəraitdə yaşayan bütün məcburi köçkünlər müasir infrastrukturla təchiz edilmiş yeni qəsəbələrə köçürülmüşdür. Respublikanın müxtəlif bölgələrindəki çadırlarda ağır şəraitdə yaşayan 20 minə yaxın cəbrayıllı artıq Biləsuvar rayonu ərazisində 4456 ailə üçün salınmış 11 qəsəbədə məskunlaşmışdır. Hər bir köçkünə dövlət büdcəsindən verilən müavinətin məbləği 50 faiz artırılaraq 13,5 manata çatdırılmışdır.
Məruzəçi sözünə davam edərək demişdir ki, keçən il rayonda 903 nəfər daimi işlə təmin olunmuş, verilmiş pay torpaqları hesabına 5 mindən çox əmək qabiliyyətli əhali mövsümi kənd təsərrüfatı işləri ilə məşğul olmaq imkanı qazanmış, 410 nəfər qəsəbələrin yaxınlığında fəaliyyət göstərən "Azərsun" şirkətində, 1200 nəfər isə yeni qəsəbələrin tikintisində müvəqqəti işlərə cəlb olunmuşdur. 2008-ci ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 2003-cü ilə nisbətən 1,8 dəfə artaraq 6,2 milyon manata çatmış, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2 dəfəyə yaxın, kənd təsərrüfatı məhsullarının həcmi 1,9 dəfə, adambaşına düşən gəlir isə 1,3 dəfə artmışdır. Əkin dövriyyəsinə daha 743 hektar sahə daxil edilərək əkinlərin ümumi sahəsi 2300 hektara çatdırılmışdır. Rayon üzrə taxıl istehsalı 7200 ton, pambıq istehsalı 72 ton, şəkər çuğunduru istehsalı isə 250 ton olmuşdur. Mal-qaranın sayı 9 min 70 başa, qoyun və keçilərin sayı 101 min 959 başa, quşların sayı isə 60,6 min başa çatdırılmış, 436 ton ət, 3675 ton süd, 110 ton yun, 1,7 milyon ədəd yumurta, ümumiyyətlə, 6 milyon 21 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir.
Qeyd olunmuşdur ki, Biləsuvar rayonu ərazisindəki yeni qəsəbələrdə məskunlaşmış 4456 ailədən 751-nə xidmət göstərən 2 elektron tipli ATS tikilib istifadəyə verilmiş, 384 tutumlu elektron tipli yeni ATS-in xətt təsərrüfatının inşası başa çatdırılmışdır.
Məruzə ətrafında müzakirələrdə Təhsil şöbəsinin müdiri Validə Həsənova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Arif Fərzəliyev, Mərkəzi xəstəxananın həkimi Hüseyn Əhmədov və başqaları çıxış etmişlər.
Natiqlər Azərbaycan Respublikası Prezidentinin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyü ardıcıl tədbirləri minnətdarlıqla yada salmış, ölkə başçısının yürütdüyü siyasət sayəsində tezliklə öz ata-baba yurdlarına qayıdacaqlarına əminliklərini vurğulamışlar.
Milli Məclisin deputatı Astan Şahverdiyev çıxış edərək Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yüksəldilməsini öz fəaliyyətinin mühüm prioritetlərindən hesab etməsini faktlarla açıqlamış, ölkəmizin ərazi bütövlüyü istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Prezidentin İcra Aparatının məsul əməkdaşı Rövşən Ağayev yığıncaqda çıxış etmişdir.