Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri var
Naxçıvan, 20 fevral, AZƏRTAC
Görkəmli ədib Cəlil Məmmədquluzadənin publisistikası, dram əsərləri Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur. Xalqa bağlılığı, ana dilinə məhəbbəti, eləcə də müasirliyi və bəşəri dəyərləri təbliğ edən yazıçının zəngin irsi xalqımızın ədəbiyyat tarixində və yaddaşında unudulmaz yer tutub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş elmi konfransda səsləndirilib.
AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi, “Naxçıvan” və Naxçıvan Dövlət universitetləri tərəfindən birgə təşkil olunan konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlərin keçirildiyini bildirib. Alim sözügedən sərəncamları bütünlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər kimi qiymətləndirib.
İsmayıl Hacıyev Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan böyük yazıçı və ictimai xadim, Naxçıvan ədəbi mühitinin yetirməsi, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti barədə ətraflı danışıb. Bildirib ki, Vətən, millət, dil Cəlil Məmmədquluzadə yaradıcılığının əsas mövzusu olub.
Alim Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısından da bəhs edib. Diqqətə çatdırıb ki, ölkəmizdə bir sıra mədəni-maarif müəssisələrinə ədibin adı verilib. Onun vaxtilə müəllimlik etdiyi yaşayış məntəqəsi Cəlilkənd adlandırılıb. Bakı və Naxçıvanda Cəlil Məmmədquluzadənin ev-muzeyləri, Nehrəm və Cəlilkənddə xatirə muzeyləri yaradılıb. Həmçinin Naxçıvan və Cəlilabadda ədibin heykəli ucaldılıb. Görkəmli yazıçının əsərləri latın qrafikası ilə yenidən çap olunub, bir sıra xarici dillərə tərcümə edilib, yaradıcılığının tədqiqi və təbliği istiqamətində mühüm işlər görülüb.
Konfrans məruzələrlə davam etdirilib.