Cəlilabadın polis işçiləri Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər
Cəlilabad, 15 mart, Bağır Əliyev, AZƏRTAC
Novruz bayramı ərəfəsində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olanların ailələrini, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmiş baş çavuş, rayonun Bəcrəvan kəndində anadan olmuş Fərid Hüseynovun, baş çavuş, rayonun Badamağac kəndində anadan olmuş Mirsəfa Mirəşrəfbəylinin, əsgər, rayonun Privolnoye kəndində anadan olmuş Elnur Bağırov və əsgər, rayonun Bəcrəvan kəndində anadan olmuş Ayaz Abasovun ailələrini ziyarət edərək, onların problemləri ilə maraqlanıblar. Polis işçiləri şəhid ailələrinə bayram sovqatları paylayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev və şöbənin əməkdaşları, həmçinin Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Fərid Hüseynovun ölümündən sonra dünyaya göz açmış övladına baş çəkərək onun üçün gətirdikləri hədiyyələri ailəsinə təqdim ediblər.
Şəhid hərbi qulluqçuların valideynləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərib şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər.
Şəhid ailələrin valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.