CENEVRƏDƏ AZƏRBAYCANIN DTT-YƏ ÜZV QƏBUL OLUNMASI ÜZRƏ İŞÇİ QRUPUNUN IV İCLASI KEÇİRİLMİŞDİR
Nümayəndə heyəti ABŞ, Avropa İttifaqı, Türkiyə, Gürcüstan və DTT-də ayrıca gömrük ərazisi statusuna malik olan Çinin Taypeyi bölgəsinin təmsilçiləri ilə, habelə DTT Katibliyinin üzvolma bölməsinin rəhbəri A.Hüseynlə, Azərbaycanın DTT üzvlüyünə qəbulu üzrə İşçi Qrupunun sədri, səfir Valter Levalterlə respublikamızın ən əlverişli şərtlərlə təşkilata üzvlüyə qəbulu məsələsini müzakirə etmiş, ikitərəfli danışıqlar aparmışdır.
Ölkəmiz üçün əlverişli şərtlər əsasında əmtəələr və xidmətlərlə əlaqədar bazara giriş məsələlərinə dair Gürcüstan tərəfi ilə aparılan danışıqlar uğurla yekunlaşmışdır. Ölkədaxili müvafiq proseduraların həyata keçirilməsindən sonra DTT qaydalarına uyğun olaraq, Azərbaycanla Gürcüstan arasında müvafiq ikitərəfli protokolun imzalanması nəzərdə tutulur.
Nümayəndə heyətimizin üzvləri Azərbaycan Respublikasının DTT üzvlüyünə qəbulu üzrə İşçi Qrupunun 4-cü görüşündə xarici ticarət rejimi ilə əlaqədar çoxsaylı suallara aydınlıq gətirmişlər.
ABŞ, Avropa İttifaqı, Yaponiya, Türkiyə, Kanada, Gürcüstan, Norveç, Pakistan və digər DTT üzvləri Azərbaycanın təşkilata üzv qəbul edilməsini dəstəkləmişlər. Görüşün nəticəsi olaraq, cari ilin son rübündə İşçi Qrupunun növbəti görüşünün təşkili və bu görüşədək Azərbaycanın həyata keçirəcəyi hazırlıq işləri əsasında ilkin hesabatın hazırlanması məsələsinə baxılması qərara alınmışdır.
M.Məmmədquliyevin İsveçrənin Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri ilə görüşündə ölkəmizin bu təhsil ocağı ilə əməkdaşlıq məsələləri müzakirə olunmuş, danışıqların cari ilin mayında Bakıda davam etdirilməsi razılaşdırılmışdır.