Cənubi Florida Universitetində Azərbaycan Bayrağı qaldırılıb
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə Cənubi Florida Universitetində Azərbaycan Bayrağı qaldırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Universitetin Mühəndislər Kollecinin vestibülündə keçirilən 152-ci bayraqqaldırma mərasimi Azərbaycana həsr olunub. Bu guşədə Yaponiya, Koreya, Almaniya, Böyük Britaniya, Braziliya və digər ölkələrin bayraqları asılıb.
Universitetin tələbələri Vaqif Əsədov və Vaqif Məmmədov bu əlamətdar hadisəyə görə qürur duyduqlarını bildiriblər.
“İnsanlara ölkəmizi tanımağa kömək etmək bizim üçün dünyanın ən gözəl hissidir”, - deyə Vaqif Əsədov vurğulayıb.
Universitetin Mühəndislər fakültəsinin dekan müavini Bernard Betson çıxışında diqqətə çatdırıb ki, məqsədləri kollecin qonaqpərvər yer olduğunu nümayiş etdirməkdir.
Bu hadisə yerli media tərəfindən geniş işıqlandırılıb.
Qeyd edək ki, Cənubi Florida Universitetində 43 azərbaycanlı tələbə təhsil alır.