DÜNYA
Cənubi Koreya kəşfiyyatı: HƏMAS Şimali Koreya silahlarından istifadə edir
![Cənubi Koreya kəşfiyyatı: HƏMAS Şimali Koreya silahlarından istifadə edir](/files/2024/1/1200x630/1704812350328046976_1200x630.png)
Pekin, 9 yanvar, AZƏRTAC
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti HƏMAS-ın İsrail ilə döyüşlərdə Koreya Xalq Demokratik Respublikası (KXDR) istehsalı olan silahlardan istifadə etməsinə dair iddiaların təsdiqləndiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, xidmət HƏMAS döyüşçülərindən ələ keçirilmiş silahın şəklini paylaşaraq, onun KXDR-də istehsal edilmiş “F-7” reaktiv qumbaraatanı olduğunu bildirib. Cənubi Koreya HƏMAS-dan müsadirə olunmuş qumbaraatanın quruluşuna və üzərindəki seriya nömrəsinə istinad edərək, Pxenyanın HƏMAS-a silah ötürdüyünə əmin olduğunu açıqlayıb. “F-7” Şimali Koreyada istehsal olunan “RPQ-7” qumbaraatanıdır.
Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın HƏMAS-a silah ötürməsinin detallarını, o cümlədən silah tədarükünün həcmini, zamanını dəqiqləşdirməyə çalışdığını da açıqlayıb.
Bir müddət əvvəl Seul Şimali Koreyanın HƏMAS-a silah tədarük etməsindən şübhələndiyini, HƏMAS-ın tətbiq etdiyi taktikanın Pxenyan tərəfindən Cənubi Koreyaya qarşı istifadə oluna biləcəyini bəyan etmişdi. Milli Kəşfiyyat Xidməti parlamentin müvafiq komitəsinin iclasında təqdim etdiyi hesabatda KXDR lideri Kim Çen Inın Fələstinə hərtərəfli yardım göstərilməsi üçün ölkə rəsmilərinə göstəriş verdiyinə dair kəşfiyyat məlumatı olduğunu qeyd edib.
Rəsmi Pxenyan isə HƏMAS-a silah və sursat tədarükü barədə iddiaları cəfəngiyyat adlandıraraq, Vaşinqtonu Şimali Koreyaya qarşı saxta ittiham irəli sürməkdə günahlandırıb.