DÜNYA
Cənubi Koreyanın yeni Prezidenti Yun Sok Yolun andiçmə mərasimi olub
![](/files/galleryphoto/2022/2/1200x630/16521803671273127594_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16521803675987548179_1200x630.jpg)
Pekin, 10 may, AZƏRTAC
Cənubi Koreyanın yeni seçilmiş Prezidenti Yun Sok Yolun paytaxt Seulda andiçmə mərasimi keçirilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, parlament binası önündə keçirilmiş mərasimdə yerli və xarici qonaqlar, habelə sadə koreyalılar olmaqla 41 minə yaxın adam iştirak edib.
Prezident Yun Sok Yol inauqurasiya nitqində beşillik fəaliyyəti dövründə ölkədə liberal demokratiyanın və bazar iqtisadiyyatının inkişafını prioritet elan edib. Koreya yarımadasında sülh məsələsinə toxunan dövlət başçısı, bunun üçün Şimali Koreyanın nüvə-raket proqramının dayandırılmasının vacib olduğunu bildirib. O, nüvə-raket proqramını dayandırmağa başlayarsa, Şimali Koreya iqtisadiyyatının inkişafına dəstək veriləcəyini də vəd edib.
Qeyd edək ki, Yun Sok Yol martın 9-da keçirilmiş prezident seçkisinə əsas müxalif qüvvə olan Xalqın Gücü Partiyasının namizədi kimi qatılıb və əsas rəqibi, hakim Demokrat Partiyasının namizədi Li Ce-myunqa kiçik fərqlə qalib gələrək, Cənubi Koreyanın 20-ci Prezidenti seçilib.
Yun Sok Yol karyerasına prokurorluq orqanlarında başlayıb. Fəaliyyəti dövründə tanınmış siyasi şəxslərə və biznes maqnatlarına dair araşdırmaları sayəsində şöhrət qazanıb. Prinsipiallığı ilə seçilən və “güclü prokuror” ləqəbi qazanan Yun Sok Yol keçmiş prezidentlər Ro Mu Hyun köməkçisinin və Li Myunq-bakın qardaşının maliyyə pozuntularına dair, habelə ölkənin ikinci böyük ailə konqlomeratı olan “Hyundai Motor” şirkətinin rəhbəri haqqında təhqiqatda yaxından iştirak edib. Bundan başqa, 2013-cü ildə Milli Kəşfiyyat Xidmətinin ictimai rəyin yönləndirilməsində iştirakının araşdırılması işinə rəhbərlik edib. Onun yaddaqalan təhqiqatlarından biri də keçmiş Prezident xanım Pak Kın Henin impiçmenti ilə nəticələnən işdir. Həmin hadisədən sonra keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlmiş Mun Ce-in Yun Sok Yolu əvvəlcə Seul şəhəri prokuroru, 2019-cu ildə isə baş prokuror təyin edib. Amma baş prokurorun ədliyyə naziri, prezident Mun Ce-inin yaxın adamı olan Ço Kukun ailəsi haqqında başlatdığı iş hakim Demokrat Partiyasında ciddi narazılığa səbəb olub, onun istefası tələb olunub. Yun Sok Yolu bu təzyiqlər fonunda 2021-ci ilin martında vəzifəsindən istefa verərək, qarşıdakı prezident seçkisində namizədliyini irəli sürəcəyini bildirmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin