ELM VƏ TƏHSİL
Çexiyanın Karlov Universitetinin prorektoru BDU-da
![](/files/galleryphoto/2024/1/1200x630/170687414692427202_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17068741464173261583_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Çex Respublikasının Karlov Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eva Voldriçova Berankova ilə görüşü olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə BDU rektoru Elçin Babayev universitetin tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor Karlov Universiteti ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilərək yeni müstəviyə keçirilməsinin vacibliyini vurğulayıb.
E.Babayev BDU ilə Karlov Universiteti arasında maraq doğuran istiqamətlər üzrə ikili diplom proqramlarının qurulması, akademik, inzibati heyətin və tələbə mübadiləsinin artırılmasının əhəmiyyətini diqqətə çatdırıb. O, eyni zamanda, ortaq forumların, elmi konfransların keçirilməsinin, birgə elmi qrantlara müraciət edilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, Karlov Universiteti ilə “Erasmus+ KA 171” proqramı çərçivəsində biologiya üzrə uğurlu əməkdaşlıq davam edir. Rektor kompüter elmləri, biotexnologiya, kimya, riyaziyyat, ekologiya istiqamətləri üzrə də geniş əməkdaşlıq imkanlarının olduğunu xatırladıb. Bu sahələr üzrə BDU ilə Karlov Universitetinin ortaq tədqiqatlar, birgə layihələr həyata keçirmək imkanlarının olduğu diqqətə çatdırılıb.
Karlov Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eva Voldriçova Berankova BDU ilə ortaq layihələrə, xüsusilə müəllim-tələbə mübadiləsinin, müxtəlif sahələr üzrə elmi tədqiqatların genişlənməsinə ehtiyac olduğunu bildirib.
Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.