DÜNYA
Çin ilə ABŞ arasında mühüm razılaşma əldə olunub
Bakı, 15 noyabr, AZƏRTAC
Çin və ABŞ iqlim dəyişikliyi ilə mübarizə tədbirləri üzrə razılığa gəliblər. AZƏRTAC bu barədə BBC telekanalına istinadla xəbər verir.
Birgə bəyanatda deyilir ki, ABŞ və Çin iqlim dəyişikliyi ilə mübarizə tədbirləri barədə razılığa gəliblər, lakin qazıntı yanacaqlara son vermək öhdəliyi götürməyiblər. Dünyada ən böyük karbon emissiyalarına malik olan bu iki dövlət metan üzrə əməkdaşlığı gücləndirəcək və 2030-cu ilə qədər bərpa olunan enerjini üç dəfə artırmaq üçün qlobal səyləri dəstəkləyəcək. Lakin sənəddə kömürün istifadəsi və qazıntı enerjisinin gələcəyi ilə bağlı heç bir maddə yoxdur.
Müşahidəçilər bu razılaşmanın BMT-nin iqlim sammiti öncəsində müsbət əlamət olduğunu bildiriblər. Birgə bəyanat hər iki ölkənin prezidentlərinin Kaliforniyada görüşə hazırlaşdığı bir vaxtda verilir və iqlim dəyişikliyi potensial irəliləyişin bir neçə sahəsindən birini təmsil edir.
Bir ildən çoxdur ki, ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra Pekinin iqlim danışıqlarını dayandırmasından sonra Vaşinqton diplomatları Çinlə irəliləyiş yolu tapmağa çalışırdı. Keçən həftə bu səylər ABŞ-ın iqlim üzrə elçisi Con Kerrinin çinli həmkarı Xie Jenhua ilə üçgünlük danışıqlar aparması və razılaşdırılmış mövqe əldə olunmasına gətirib çıxarıb.
Hər iki ölkə G20-nin bu il Hindistanda keçirilən iclasında razılaşdırıldığı kimi, cari onillikdə bərpa olunan enerjinin qlobal miqyasda üç dəfə artırılmasına sadiq olduqlarını bir daha təsdiq ediblər. Onlar 2030-cu ilə qədər "enerji sektorunda əhəmiyyətli mütləq emissiya azalmalarının" olacağını bildiriblər.