RƏSMİ XRONİKA
Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqdən
Zati-aliləri,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu və Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Çinin və Azərbaycanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə dərin minnətdarlığımı bildirirəm. Bu dəstəyiniz sayəsində ölkələrimizin prokurorluq orqanları arasında əlaqələr gündən-günə dərinləşir. Bu ilin aprel ayında Azərbaycana səfər edən nümayəndə heyətinin rəhbəri kimi, Sizin səmimi qəbulunuzda olmaq qürurverici idi. Səfər çərçivəsində, Azərbaycan Respublikasının Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu, əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı niyyətlərimizin ciddi olduğunun göstəricisidir.
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının ən fəal və təşəbbüskar üzvlərindən biri olduğunu vurğulamaqdan məmnunam.
Zati-alinizin dövlətin şəffaf idarə edilməsinə verdiyi böyük önəm korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində özünü göstərir. Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası İcraiyyə Komitəsinin görüşü və beynəlxalq antikorrupsiya seminarı 2008-ci ilin aprelində paytaxt Bakıda keçirilmişdir. Zati-alinizin sıx iş qrafikinə baxmayaraq İcraiyyə Komitəsinin üzvləri ilə görüşünü və bütün dövlətləri korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırmasını daim minnətdarlıq hissi ilə xatırlayırıq. Biz, həmçinin, cənab Prezident, Sizin vətəndaşlarınızın rəğbətini qazanmış və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş “ASAN xidmət” mərkəzlərinin, antikorrupsiyaya qarşı mübarizə idarələrinin yaradılması ilə bağlı səylərinizi yüksək qiymətləndiririk.
Sizin dəstəyiniz və şəxsi nüfuzunuz sayəsində Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov 2006-cı ildən Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının vitse-prezidentidir. Bu, Azərbaycanın korrupsiyaya qarşı mübarizə uğrunda beynəlxalq əməkdaşlığa mühüm töhfələr verdiyinin təsdiqidir.
Əminəm ki, Sizin Prezidentliyinizin yeni dövründə Çinin və Azərbaycanın prokurorluq orqanları arasında olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edəcəkdir. Həmçinin dərin inamımı ifadə edirəm ki, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası ilə Azərbaycanın məhkəmə institutları arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir.
Cənab Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı, ölkənizə tərəqqi, firavanlıq, xalqınıza xoşbəxtlik arzu edirəm.
Hörmətlə,
Çao Cianminq
Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun
baş prokuroru,
Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti