ÇİN XALQ RESPUBLİKASININ MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
AZƏRTAC xəbər verir ki, sentyabrın 30-da Bakı Əyləncə Mərkəzində Çin Xalq Respublikasının milli bayramı - ÇXR-in elan olunmasının 59-cu ildönümü münasibətilə qəbul təşkil edilmişdir.
Azərbaycanın və Çinin dövlət himnləri səslənmişdir.
ÇXR-in ölkəmizdəki səfiri Çjan Xayçjou bildirmişdir ki, ötən 59 ildə Çin xalqı məqsədyönlüyü, müdrikliyi və gərgin əməyi sayəsində yoxsulluğu aradan qaldırmış və müasir inkişaf yoluna qədəm qoymuşdur.
Səfir bu yaxınlarda Pekində böyük uğurla başa çatan yay Olimpiya oyunlarını məmnunluqla yada salaraq demişdir ki, Azərbaycan oyunlarda layiqli nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Səfir qeyd etmişdir ki, son illər Çin və Azərbaycan arasında dostluq münasibətləri sürətlə inkişaf edir və möhkəmlənir. ÇXR müstəqil xarici siyasət yeridir, bütün ölkələrlə suverenliyə hörmətə və ərazi bütövlüyünün tanınmasına söykənən bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur.
Ç.Xayçjou Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmiş, cansağlığı və xoşbəxtlik arzulamışdır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tədbir iştirakçılarını Çin Xalq Respublikasının yaranmasının 59-cu ildönümü münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını çatdırmışdır.
Azərbaycan-Çin əlaqələrinə toxunan Z.Əsgərov qeyd etmişdir ki, müstəqillik əldə olunduqdan sonra Azərbaycan üçün strateji maraq kəsb edən Çinlə münasibətlər yüksələn xətlə inkişaf edir. Ikitərəfli münasibətlərin qanunverici bazasının əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur.
Z.Əsgərov uğurlu parlamentlərarası əlaqələri vurğulayaraq əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Qəbulda rəsmi dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
######
