Çində sutka ərzində yeddi koronavirus xəstəsi aşkarlanıb
Bakı, 12 iyun, AZƏRTAC
Çində sutka ərzində koronavirusa yeddi yoluxma halı, həmçinin bir nəfər simptomsuz infeksiya daşıyıcısı aşkarlanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, son sutka ərzində ölkədə COVID-19 xəstəliyindən ölən olmayıb, dörd nəfər isə sağalaraq xəstəxanadan buraxılıb.
Xəstələnən yeddi nəfərdən altısı xaricdən gələnlərdir, bir nəfər isə Pekində yoluxub. Buna qədər paytaxtda 56 gün idi ki, xəstəliyə yoluxma halı müşahidə edilməmişdi.
Aprelin əvvəlindən başlayaraq Çində simptomsuz pasiyentlər üzrə ayrıca statistika dərc olunur. Əgər koronavirus testinin nəticələri müsbət çıxan və xəstəlik simptomları müşahidə edilməyən şəxslərdə xarakterik əlamətlər baş verərsə o, rəsmi statistikalarda yoluxma halı kimi göstərilir. Ötən sutka ərzində simptomu olmayan, lakin koronavirus testi müsbət nəticələnən bir nəfər ölkə ərazisinə xaricdən daxil olub. Hazırda tibbi nəzarətdə saxlanılan 104 belə pasiyentin 45-i xarici ölkələrdən gələnlərdir.
Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
Çində indiyədək 83 min 64 nəfər koronavirus infeksiyasına yoluxub, 4 min 634 nəfər isə COVID-19 xəstəliyi səbəbindən həyatını itirib. Hazırda müalicə alan 65 nəfər arasında vəziyyəti ağır olan xəstə yoxdur.