Çinin Heyloncian əyaləti ilə əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan şirkətləri cari ilin iyun ayında Çində keçiriləcək 32-ci Harbin Beynəlxalq İqtisadiyyat və Ticarət Sərgisində, həmçinin oktyabrda keçiriləcək 2-ci Çin (Heyloncian) Beynəlxalq Yaşıl Qida Sənayesi Sərgisində iştiraka dəvət olunublar.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) Heyloncian Əyalət Komitəsinin vitse-prezidenti Tan Bayçenin rəhbərlik etdiyi Çin şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycan şirkətlərinin çinli tərəfdaşlarla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Görüş zamanı CCPIT-nin Heyloncian Əyalət Komitəsinin vitse-prezidenti Tan Bayçen bildirib ki, Azərbaycana səfərinin məqsədi ölkəmizlə əməkdaşlığın genişləndirilməsi, Çin şirkətləri üçün potensial tərəfdaşların tapılması, o cümlədən Azərbaycan şirkətlərinin Çində keçirilən beynəlxalq sərgilərdə iştirakının təşkilinə dəstək göstərməkdir. Tədbir Azərbaycan və Çin sahibkarlarının B2B görüşləri ilə davam edib.