ÇİNLİLƏRİN “QEYRİ-REAL” NƏTİCƏLƏRİ PEKİN-2008 OLİMPİADASININ İŞTİRAKÇILARINI HİDDƏTLƏNDİRMƏKDƏ DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Olimpiadada 200 metr məsafəyə batterflyay üsulu ilə üzməkdə dünya rekordu müəyyən edərək qızıl medal qazanmış çinli Lyu Szıgenin fantastik tərəqqisinə şübhə edirlər.
Polşalı üzgüçü Otiliya Yeceyçakın məşqçisi Pavel Slominski kəskin tənqidi çıxışında bildirmişdir ki, çinli idmançının göstərdiyi nəticələr “real deyildir”. Bu il aprelin 1-dən avqustun 14-dək öz nəticəsini 3,58 saniyə yaxşılaşdırmış çinli idmançı Olimpiadada 2 dəqiqə 04,18 saniyə nəticə göstərmişdir. Bu, yeni dünya rekordudur.
Polşalı məşqçi demişdir: “Mən bunun necə mümkün olmasını izah edə bilmirəm. Lyu Szıge heç yerdə yüksək nəticə göstərməmişdi, indi isə birdən-birə Olimpiadada dünya rekorduna nail olur. Baxarıq, görək o, xarici ölkələrdə keçiriləcək yarışlarda, məsələn, 2009-cu ilin dünya çempionatında nə nəticə göstərəcəkdir.
Əlbəttə, üzgüçülük idmanı tarixində bu cür sürətli tərəqqi halları əvvəllər də olmuşdur. Məsələn, fransız üzgüçüsü Oror Monyel iki mövsüm ərzində - 24 yaşdan 26 yaşa qədər öz göstəricilərini 3 saniyə yaxşılaşdırmışdı. Lakin mütəxəssislərin fikrincə, 19 yaşlı idmançının buna nail olması inandırıcı deyildir. Üstəlik, Lyu Szıge büynəlxalq yarışlarda az çıxış etmişdir. Rekord nəticələr isə, adətən, bu cür yarışlarda yaxşılaşır.
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Mustafa Larfaui demişdir: “Üç saniyə çoxdur, lakin Pekində indiyə qədər 18 dünya rekordunun şahidi olmuşuq. Buna görə də mən xeyli zəhmət və qüvvə sərf etmiş idmançıları dəlil-sübutsuz təqsirləndirmək istəməzdim. Belə fərziyyələr eşitmişəm ki, guya bu Olimpiadada dopinqə qarşı mübarizə aparanlar çinli idmançılara dəyib-dolaşmayacaqlar. Lakin bu, mümkün deyil, Beynəlxalq Olimpiya Komitəsi bu Oyunlarda dopinqə qarşı çox sərt mübarizə aparır. Ona görə də nəticələri gözləməyi məsləhət görərdim”.
Üzgüçülük üzrə Çinin qadınlardan ibarət yığma komandasının məşqçisi Pan Szyaçjan çinli idmançı qızların ünvanına onların dopinqdən istifadə etməsi barədə ittihamlara etirazını bildirmişdir. Məşqçi bu cür bəyanatlara cavab olaraq demişdir ki, Lyu Szıgenin hazırlıq strategiyası məhz Olimpiada üçün nəzərdə tutulmuşdur, buna görə də başqa iri yarışlara o qədər əhəmiyyət verilmirdi.
Çin idmançısının məşqçisi bildirmişdir ki, onun yetirməsi Oyunlara optimal fiziki formada gəlmişdir. Yarışların onun Vətənində keçməsi və tamaşaçıların qızğın dəstəyi də mühüm amil olmuşdur.