Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir
Şəmkir, 19 avqust, AZƏRTAC
Heyvandarlığın inkişafında əsas məsələlərdən biri yüksək məhsuldar cins heyvan sayının artırılmasıdır. Daha məhsuldar və sağlam heyvanların təsərrüfatlara gətirilməsi süd və ət istehsalının artırılmasına, məhsulun keyfiyyətinin yüksəlməsinə və fermerlərin gəlirlərinin çoxalmasına imkan yaradır. Bununla yanaşı, yem bazasının gücləndirilməsi, baytarlıq xidmətlərinin əlçatanlığının artırılması, heyvanların xəstəliklərdən qorunması və müasir təsərrüfat idarəçiliyinin tətbiqi də sözügedən sahənin davamlı inkişafı üçün vacib şərtlərdir. Bu istiqamətdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində konkret hədəflər müəyyənləşdirilib. Proqramda yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının minimum 10 faizə çatdırılması, mal əti istehsalı həcminin 20 faiz, süd istehsalı həcminin isə 10 faiz artırılması nəzərdə tutulur.
Heyvandarlıq sahəsi Şəmkir rayonunun kənd təsərrüfatı potensialında mühüm yer tutur. Rayonda heyvandarlıq təsərrüfatlarının inkişafı və müasir istehsal üsullarının tətbiqi həm bu işdən gəlirin artması, həm də yerli bazarın ət və süd məhsullarına olan tələbatının daha geniş şəkildə qarşılanması baxımından əhəmiyyətlidir.
Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq sektorunun müdiri Nofəl Məmmədovun AZƏRTAC-a bildirdiyinə görə, 2026-cı ilin ötən dövrünə aid göstəricilərə əsasən, rayonda 239442 baş xırdabuynuzlu, 55841 baş iribuynuzlu heyvan mövcuddur. Ət istehsalı 11958 ton, süd istehsalı 57351 ton olub. Rayon ərazisində 25 nəfər özəl sahə baytar həkimi və 8 süni mayalanma mütəxəssisi fəaliyyət göstərir. Cari il ərzində 408 baş heyvanda süni mayalanma aparılıb, nəticədə 301 baş buzov doğulub. “Fəaliyyət göstərən təsərrüfatlar arasında biri intensiv, biri isə yarım-intensivdir. Şəmkirdəki heyvandarlıq təsərrüfatlarında cins mal-qaranın faizi 2.5-dir. Rayona bu il ərzində 600 başa qədər cins mal gətirilib. Fermerlər çalışırlar ki, intensiv təsərrüfatlar yaratsınlar”,- deyən Nofəl Məmmədovun sözlərinə görə, yeni Dövlət Proqramında heyvandarlığın inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər Şəmkirdə də bu sahənin potensialının daha səmərəli reallaşdırılmasına imkan yaradacaq.
Rayondakı intensiv heyvandarlıq təsərrüfatı Abbaslı kəndində yerləşir. Təsərrüfatda Avstriyadan gətirilən, yüksək süd məhsuldarlığı və güclü genetikası ilə seçilən “Holşteyn-Friz” cinsli heyvanlar saxlanılır. Heyvanlar dövlət dəstəyi çərçivəsində subsidiya tətbiq edilməklə alınıb. Bu, fermerə daha məhsuldar və sağlam cins mal-qaranın əldə olunmasına, eyni zamanda, təsərrüfatın istehsal imkanlarının genişləndirilməsinə şərait yaradıb.
Südlük istiqamətli təsərrüfatın müasir tələblərə uyğunlaşdırılması məqsədilə dövlət dəstəyi ilə müxtəlif avadanlıqlar da alınıb. Təsərrüfatın sahibi Xaliq İsmayılov müasir avadanlıqların tətbiqinin heyvanların saxlanması, yemlənməsi və gündəlik qulluğunun daha səmərəli təşkilinə, əmək məhsuldarlığının yüksəldilməsinə və istehsal prosesinin optimallaşdırılmasına imkan verdiyini bildirir. Heyvanların sağımı xüsusi sağım zalında həyata keçirilir, əldə olunan süd isə keyfiyyətinin qorunması üçün dərhal soyutma çənlərinə ötürülür. Yemləmə balanslaşdırılmış yem rasionu üzrə aparılır. Təsərrüfatda quraşdırılmış soyutma sistemi isti havalarda heyvanların rahatlığını təmin etməklə onların məhsuldarlığının yüksək səviyyədə saxlanmasına kömək edir. “Təsərrüfatımız dövlətin dəstəyi ilə iki il öncə yaradılıb. Burada 351 baş “Holşteyn-Friz” cinsli iribuynuzlu heyvan saxlanılır. Süd emalı müəssisələrinə gündə 6 ton yarım süd veririk. Çalışırıq heyvan sayını gələcəkdə 1500 başa çatdıraq”, - deyən Xaliq İsmayılov əlavə edib ki, təsərrüfata yaxın zamanda daha 400 baş heyvan gətiriləcək.
Dövlətin heyvandarlıq sahəsinə göstərdiyi dəstəyin təsərrüfatın inkişafında mühüm rol oynadığını vurğulayan fermerin sözlərinə görə, yeni Dövlət Proqramının təsdiqlənməsi ona öz işini genişləndirmək üçün stimul verir. Rayonda heyvandarlıqla məşğul olan fermerlərin təsərrüfatlarını böyütməyə və istehsal imkanlarını artırmağa göstərdikləri maraq aqrar sektorun inkişafının mühüm göstəricilərindəndir. Görünən odur ki, dövlət dəstəyi, fermerlərin təşəbbüskarlığı və müasir təsərrüfatçılıq üsullarının tətbiqi Şəmkirdə heyvandarlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Müxbir – Vüsalə Cənnətova