ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutu: Coğrafiya fənninin ölkəmizdə beynəlxalq olimpiadalar siyahısına daxil edilməsi gözlənilir
Bakı, 18 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) əməkdaşlığı ilə Təhsildə innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Beynəlxalq olimpiadalara (iGeo və eGeo) hazırlıq” layihəsinin onlayn formatda açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Layihə rəhbəri, Təhsildə innovasiyalar üzrə qrant müsabiqəsinin ardıcıl olaraq 5 dəfə qalibi Yaşar Seyidəliyev qrant müsabiqəsi, iGeo-eGeo olimpiadaları və layihə barədə iştirakçılara dolğun məlumat verib.
Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov coğrafiyanın əsas məsələlərindən, beynəlxalq coğrafiya proqramında istifadə olunan mövzuların dünya ölkələri qarşısında qoyduğu aktual problemlərdən və onların həlli üçün yüksəkixtisaslı kadr hazırlığının zəruriliyindən söz açıb. Professor bu istiqamətdə layihənin böyük rolunu, ACC və Coğrafiya İnstitutunun bu layihəyə daimi dəstək olacağını diqqətə çatdırıb.
Dosent Zaur İmrani çıxışında bu il İndoneziyada keçiriləcək 19-cu iGeo-da iştirak etmək üçün aparılan hazırlıq işləri, münsiflər heyətinin seçilməsi və bu işdə tam məxfiliyin təmin edilməsi, müsabiqədə iştirak edəcək komanda heyətinə ən güclülərin seçilməsində şəffaflıq və ədalətlilik prinsiplərinə riayət olunması və digər məsələlərdən söhbət açıb, Coğrafiya İnstitutunun layihə çərçivəsindəki rolunu xüsusi qeyd edib.
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin müəllimi Şəkər Məmmədova gənc nəslin coğrafiyaya meyil etməsini və orta məktəblərdə coğrafiyadan istedadlı şagirdlərin yetişməsinin qürurverici olduğunu bildirib.
Qeyd edək ki, layihə rəhbəri Yaşar Seyidəliyevin Azərbaycan beynəlxalq coğrafiya olimpiadalarına şagird hazırlığı və ölkə komandasının yüksək səviyyədə təşkili müqabilində ölkəyə artıq 5 medal gətirilib və bu da beynəlxalq coğrafiya olimpiadalarına ölkə ictimaiyyətinin marağının artmasına səbəb olub. Bunun nəticəsi olaraq, coğrafiya fənninin Elm və Təhsil Nazirliyi tərəfindən beynəlxalq olimpiadalar siyahısına daxil edilməsi gözlənilir.