ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunun “Tibbi coğrafiyanın əsasları” kitabı nəşr olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Solmaz İsaqın “Tibbi coğrafiyanın əsasları” adlı elmi-metodik vəsaiti dərc edilib.
AZƏRTAC xəbər verir ki, 11 fəsildən ibarət kitab tibbi coğrafiya elmi haqqında ümumi məlumat, onun predmeti, metodologiyası, tədqiqat metodları, bioritmik təlim, biocoğrafi mühitin insan orqanizminə təsiri, tibbi-meteoroloji informasiya mənbələri, sinoptik meteoroloji mühitin insan səhhətinə təsiri, nozocoğrafiya elmi, xəstəliklərin coğrafi ocaqları və digər mövzuları əhatə edir.
Təhlillər zamanı tibbi coğrafiya elminin inkişafında xüsusi xidmətlər göstərmiş Azərbaycan və xarici ölkələrin tədqiqatçılarının elmi əsərlərindən istifadə olunub.
Dərs vəsaiti coğrafiya, coğrafiya müəllimliyi və tibb ixtisasına yiyələnən bakalavrlar, magistrantlar, dissertantlar, doktorantlar, peşəkarlıq səviyyəsini yüksəltmək istəyənlər üçün nəzərdə tutulub. Kitabdan Səhiyyə Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarının əməkdaşları, tibb kolleclərinin müəllim və tələbələri ilə yanaşı, geniş oxucu kütləsi də istifadə edə bilər.
Nəşrin baş redaktoru coğrafiya elmləri doktoru professor Zakir Eminov, elmi redaktoru coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmranidir.