COP-27 iqlim sammitinin dövlət və hökumət başçıları səviyyəsində sessiyası keçirilib
Qahirə, 7 noyabr, AZƏRTAC
Misirin Şarm əl-Şeyx şəhərində davam edən BMT-nin COP-27 iqlim dəyişikliyi konfransının ikinci günündə dövlət və hökumət başçıları səviyyəsində sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyanı giriş nitqi ilə açan Misir Prezidenti Əbdülfəttah əs-Sisi qeyd edib ki, “Birlikdə əməl edək” devizi altında təşkil olunan bu mötəbər tədbir məhz dünya liderlərinə dünyanı xilas etmək naminə sözdən əmələ keçmək çağırışları edəcək. Misir Prezidenti, həmçinin ölkəsində yaşıl enerji üzrə görülən tədbirlər, Afrika qitəsində quraqlıq və aclığın qarşısının alınması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.
BMT-nin Baş katibi Antonio Quterreş çıxışında bəşəriyyətin üzləşdiyi ağır fəlakətlər - ərzaq və enerji böhranı, quraqlıq, müharibə və silahlı münaqişələr fonunda dünya liderlərini hamımızın məskəni olan Yer planetini qorumağa çağırıb. O qeyd edib ki, Qlazqoda keçirilən COP-26 konfransından sonra kardinal və müsbət dəyişikliklərə olan ümidlər özünü doğrultmayıb, əksinə, pandemiya, müharibə, qlobal ərzaq və enerji böhranları insanların vəziyyətini daha da ağırlaşdırıb. O vurğulayıb: “Bəşəriyyətin iki seçimi var: mübarizə aparmaq, yaxud məhv olmaq. İqlim Həmrəyliyi Paktı və ya Kollektiv Sui-qəsd Paktı”.
Sessiyada ən çox maraq doğuran ABŞ-ın keçmiş vitse-prezidenti, Nobel Sülh mükafatı laureatı Albert Qorun çıxışı olub. O, Birləşmiş Ştatlar, Çin və Hindistanı iqlim dəyişikliyi fonunda bərpaolunan enerji istehsalına trilyonlarla dollar vəsait ayırmağa, Afrika və Asiyanın yoxsul ölkələrinə yardımların artırılması məqsədilə Dünya Bankının fəaliyyətini gücləndirməyə çağırıb və əlavə edib ki, bütün bu tədbirlərin həyata keçirilməyəcəyi təqdirdə bəşəriyyəti ağır fəlakətlər gözləyir.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyətinin də iştirak etdiyi COP-27 konfransı işini davam etdirir.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə