Dağıstanın Dünya Mədəniyyəti və Din Tarixi Muzeyi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 25 aprel, AZƏRTAC
Rusiya Federasiyası Dağıstan Respublikasının Dünya Mədəniyyəti və Din Tarixi Muzeyinin direktoru Diana Həsənova və direktor müavini Samilə Nəcəfova AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər.
Muzeydən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Dağıstan mədəni əlaqələrindən söhbət açılıb və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri və nailiyyətləri barədə məlumat verib. Qeyd olunub ki, muzey Azərbaycan milyonçusu, xeyriyyəçi H.Z.Tağıyevin mülkündə yerləşir. 2020-ci ildə muzeyin 100 illiyi qeyd olunacaq və buna hazırlıq işləri görülür. Hazırda aparılan təmir-bərpa işlərindən sonra muzeydə yeni ekspozisiya qurulacaq və H.Z.Tağıyevin xatirə muzeyi təşkil ediləcək.
Qonaqlar təmsil etdikləri muzeyin fəaliyyətindən danışıb, MATM ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Sonra tərəflər muzeylərarası səyyar sərgilərin keçirilməsi məsələlərini müzakirə ediblər.
Sonda dağıstanlı qonaqlara muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib.