SİYASƏT
DAĞLIQ QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ TƏRKİB HİSSƏSİDİR
Bunu Gürcüstanin xarici işlər naziri İrakli Menağarişvili Tbilisidə yerli və xarici jurnalistlərlə ənənəvi görüşündə tam qətiyyətlə bir daha bəyan etmişdir.
Cənab Menağarişvili sentyabrın 5-də “Dağlıq Qarabağ Respublikası”nda “yerli hakimiyyət orqanlarına keçirilmiş seçkilər” barədə AZƏRTAC-ın müxbirinin sualına cavab verərək demişdir: Gürcüstan dövlətinin rəhbərliyi istər ölkəmizdə, istərsə də mötəbər beynəlxalq təşkilat və forumlarda dəfələrlə rəsmən bildirmişdir və bir daha bildirir ki, biz beynəlxalq hüquq normalarını əsas tutaraq, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını onun müstəqillik qazandığı ilk gündən tanımışıq və yenə də tanıyırıq, Azərbaycan ərazisində yaradılaraq özünü “respublika” elan edən hər hansı qurumu qanunsuz sayırıq.
Gürcüstan xarici siyasət idarəsinin başçısı vurğuladı ki, Cənubi Qafqazdakı münaqişə bölgələrində belə qondarma tədbirlərin keçirilməsi ilə əlaqədar onun ölkəsi öz etiraz və narahatlığını dünya ictimaiyyətinə dəfələrlə bildirmişdir, çünki bu cür hərəkətlər həmin bölgələrdə sülhün və sabitliyin bərpa olunmasına, münaqişələrin dincliklə və danışıqlar yolu ilə aradan qaldırılmasına əngəl törədir.
Nazir Gürcüstan-Rusiya münasibətlərinə də toxunaraq demişdir ki, iki ölkə arasında tətbiq olunmuş viza rejiminin ləğvi üçün danışıqlar aparılır və Rusiyanın tələb etdiyi çeçen yaraqlılarından artıq üç nəfəri respublika prokurorluğunun qərarı ilə təhvil verilmişdir. Daha yeddi nəfərlə əlaqədar təhqiqat gedir.
Şahismayıl MƏMMƏDOV
AZƏRTAC-ın xüsusi müxbiri
TBİLİSİ