Dani Alves karyerasını “Yuventus”da davam etdirəcək
Bakı, 4 iyun, AZƏRTAC
“Barselona” komandasının müdafiəçisi Dani Alves karyerasını “Yuventus”da davam etdirəcəyini təsdiqləyib. Kataloniya klubu 33 yaşlı braziliyalı futbolçunun klubdan getməsini daha əvvəl bildirib.
“Çempionat” saytı “Sport İtalia”ya istinadla Alvesin bu sözlərini sitat gətirir: “Heç vaxt özümü indiki kimi xoşbəxt hiss etməmişəm. “Yuventus”a qoşulmağa çox sevinirəm. “Barselona”nın heyətində nə qazanmaq mümkündürsə qazanmışam və bu klubda keçirdiyim hər dəqiqəyə görə ləzzət almışam, lakin dəyişiklik vaxtı yetişib. İndi “Yuventus”u Avropada qələbələrə doğru aparmaq istəyirəm. Yaxın günlərdə “Yuventus” ilə kontrakt imzalayacağam, lakin həmişə “Barselona”nın pərəstişkarı kimi qalacağam”.
Dani Alves keçən il “Barselona” ilə iki il müddətinə yeni kontrakt imzalayıb. Lakin sazişin şərtlərinə görə, braziliyalı futbolçu kompensasiya ödəmədən başqa kluba keçə bilərdi. İtaliya çempionu ilə yanaşı Fransanın “”Pari Seen-jermen” klubu da Alvesə sahib olmaq iddiasında idi.
Ötən mövsümdə “Barselona”nın heyətində 48 matç keçirən Alves bu oyunlarda bir qol və səkkiz səmərəli ötürmə ilə fərqlənib. Braziliyalı müdafiəçi Kataloniya klubunda səkkiz mövsüm ərzində çıxış edib, bu müddətdə altı dəfə çempion titulu qazanıb, üç dəfə çempionlar liqasının qalibi olub.
Alves ilə birlikdə “Barselona”nın digər müdafiəçisi Xavyer Maskerano da “Yuventus”a keçə bilərdi, lakin “Barselona”nın idman direktoru Robert Fernandes bildirib ki, argentinalı futbolçu “göy-narıncı”ların heyətində qalacaq.