Danimarka ən şimal alman bölgəsinin sakinləri üçün sərhədini açır
Stokholm, 11 iyun, AZƏRTAC
Danimarka hökuməti ən şimal alman bölgəsi olan Şlezviq-Qolşteyn əyalətinin sakinləri üçün məhdudlaşdırıcı tədbirlər tətbiq etmədən dövlət sərhədini açmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Danimarkanın Ədliyyə naziri Nik Xekkerup çərşənbə günü bildirib. Bundan əlavə, hökumət əcnəbilərə ölkəyə gəlmək hüququ verən səbəblər siyahısını da genişləndirib. Nazirin sözlərinə görə, iyunun 15-dən başlayaraq Avropa İttifaqı və Şengen zonasına, həmçinin Birləşmiş Krallığa daxil olan digər ölkələrdə ailə üzvləri ilə görüşməyə, həmçinin maliyyə məsələləri, biznes və işlə bağlı danışıqlar aparmaq üçün səfərlərə icazə veriləcək.
Bundan əlavə, Aİ-də və Böyük Britaniyada yaşayan, Danimarkada istirahət evləri olan və ya buraya tranzit, yaxud istirahət və turizm məqsədi ilə gəlmələrini sənədlə təsdiqləyə bilən şəxslərin də ölkəyə girişinə icazə veriləcək.
Qeyd edək ki, Almaniyanın Şlezviq-Qolşteyn əyalətinin vətəndaşları üçün səyahət qadağalarının ləğv edilməsinə baxmayaraq, bu qayda digər qonşu ölkə olan İsveçə hələlik şamil edilmir.
“Hazırda isveçlilərlə yenidən qarşılıqlı əlaqələri bərpa etmək, bu məsələdə hansı dəyişikliklərin mümkün olduğunu aydınlaşdırmaq məqsədi ilə müzakirələr aparırıq”, - deyə Nik Xekkerup söyləyib. O, həmçinin əlavə edib ki, “isveçlilərin koronavirusla mübarizədə bizdən fərqli strateji, siyasi mövqe sərgiləməsi sirr deyil və bu, ölüm və yoluxma hallarının artmasına səbəb olur”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm