Daşkəsəndə səyyar tibbi müayinə aksiyası keçirilir
Bakı, 7 aprel, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına başlanılıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Sağlamlıq Gününə həsr edilən və “Öncə sağlamlıq!” devizi ilə təşkil olunan aksiyada Quşçu kəndi ilə yanaşı, Çovdar, Çaykənd və Şadax kəndlərinin sakinləri ödənişsiz olaraq terapevt, kardioloq, pediatr, USM, EKQ, qanın ümumi analizi və şəkərin təyini müayinələrindən yararlanıblar. Müayinə prosesi çərçivəsində xəstəliklərin vaxtında və düzgün təyinatlandırılması və koronavirusla mübarizə məqsədilə sakinlərin maarifləndirilməsi də həyata keçirilib. Tibbi müayinə aksiyasında peşəkar həkim heyəti tərəfindən aparılan müayinələrin səyyar hospital və mobil reanimasiya avtomobilləri vasitəsilə 3 gün müddətində icra edilməsi, təqribən 400 nəfərədək əhalinin müayinə edilməsi nəzərdə tutulub. Sosial aksiya QSC-nin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsi, yerli əhali arasında profilaktik müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.
Xatırladaq ki, 1950-ci il aprelin 7-dən etibarən bütün dünyada Sağlamlıq Günü kimi qeyd edilir. 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədar qeyd edilən bu gündə sağlamlığın əhəmiyyətini insanlara çatdırmaq üçün müxtəlif tədbirlər keçirilir.