CƏMİYYƏT
Daxili İşlər Nazirliyi metro istifadəçiləri olan sərnişinlərə bir daha xəbərdarlıq edir VİDEO
Bakı, 13 may, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, polis əməkdaşları mayın 9-dan etibarən sərnişindaşıma fəaliyyəti bərpa olunan Bakı Metropolitenində gücləndirilmiş iş rejimində xidmət aparırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti, həmçinin əlavə olaraq stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər. Bu qaydalara görə, sərnişinlər “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar.
Polis əməkdaşları metropolitenə qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyə edirlər. Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsuliyyətə cəlb olunurlar.
Daxili İşlər Nazirliyi sərnişinlərin diqqətinə bir daha çatdırır ki, müvafiq metodiki göstərişlərə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər barədə ciddi inzibati cəza tədbiri tətbiq olunacaq.