DAYAQ BLOKU DƏNİZƏ YOLA SALINMIŞDIR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmin blok indiyədək dənizdə quraşdırılmış qurğulardan ən nəhəngi hesab olunur. Qurğu bütövlükdə Azərbaycanda yığılmışdır. Pontonlarla birlikdə blokun ümumi çəkisi 14130 ton, hündürlüyü 143 metrdir. Onun quraşdırılacağı yerdə suyun dərinliyi 120 metrə çatır. Dayaq bloku təyinat yerinə çatan kimi, artıq çoxdan quraşdırılmış dayaq tavası üzərində oturdulacaq və burada 12 qabaqlayıcı quyu qazılacaqdır.
Daşıma və quraşdırılma prosesi son dərəcə modernləşdirilmiş iki gəmi - “Azərbaycan” kran və “STB-1” daşıma bərələrinin köməyi ilə həyata keçiriləcəkdir. Eyni zamanda, təhlükəsizliyi təmin etmək üçün həm də “Nerça”, “Pasifik Reyder”, “Neft–qaz–58”, “Svetlomor-2” və “İrqiz” kimi köməkçi gəmilərindən də istifadə olunacaqdır. Quraşdırma işləri dəqiq planlaşdırılsa da, hava şəraitindən asılı olaraq, 35 gündən iki aya qədər uzana bilər və bütün bu işlər, həmçinin, ABƏŞ-in daşıma və quraşdırma üzrə podratçısı Saypem şirkəti tərəfindən həyata keçiriləcəkdir.
Dayaq blokunun dənizdə təhlükəsiz quraşdırılması ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə vitse-prezident Nil Şou demişdir ki, bu, bizim bir aydan sonra qeyd edəcəyimiz ən böyük nailiyyət olacaqdır.