“Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 16 noyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan “Dədə Qorqud” toplusunun 72-ci nömrəsi işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, filologiya elmləri doktoru Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar altı rubrikada toplanıb. Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində Ramazan Qafarlının, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyevin, filologiya üzrə fəlsəfə doktorları Abbasəli Əhmədoğlu və Aynurə Səfərovanın məqalələri dərc edilib.
Jurnalın “Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində isə “Kateqoriyal özəllikləri və funksiyası baxımından dini folklor”, “Məhəbbət dastanlarının nəşrində litoqrafik çap mərhələsi: “Arzu-Qəmbər” dastanının daşbasmaları”, “XX əsrin birinci yarısında “Koroğlu” tədqiqatları”, “Azərbaycan və Anadoluda türkdilli ədəbiyyatın doğuşu və inkişafı”, “Türk dastanlarında ovçuluq”, “Kosmik qəza miflərinin esxatoloji semantikası” və “Bozqurd totem kimi” məqalələri oxucuların ixtiyarına verilib.
“Azərbaycan folklorundan yeni nümunələr” bölməsində talışlardan toplanmış folklor örnəkləri, “Türk xalqlarının folklorundan örnəklər” bölməsində isə filologiya üzrə fəlsəfə doktoru Tahir Nəsibin “Qeser” dastanı (Yeni monqol variantından bir parça) başlıqlı məqaləsi yer alıb.
“Arxivlərdən” başlıqlı bölmədə isə Ramazan Qafarlının arxiv materialları əsasında çapa hazırladığı “Keçmiş vaxtlarda Şəkidə toy adətləri” ilə tanış olmaq mümkündür.
“Dədə Qorqud” jurnalının “Yeni nəşrlər: təqdimat və rəylər” rubrikasında professor Mehmet Acanın “Professor Seyfəddin Rzasoyun son kitabına dair” başlıqlı yazısı təqdim olunub.