Dəmiryol vağzalında keçirilən aksiya çərçivəsində 50 pasiyent müayinə olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və ADY Qapalı Səhmdar Cəmiyyətinin birgə təşəbbüsü ilə, dəmiryol işçilərinin peşə bayramı münasibətilə Dəmiryol vağzalında tibbi aksiya keçirilib.
Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində 50-yə qədər pasiyent müayinə olunub. Müayinələr əsasında refraksiya patologiyası, katarakta, quru göz sindromu və s. diaqnozlar aşkarlanıb. Bununla yanaşı, peşə bayramı münasibətilə katarakta diaqnozu təyin olunmuş xəstələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində cərrahi əməliyyat olunacaq.
Aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərərək, onların görmə patologiyasının erkən diaqnostikasını aparmaq, problemlərin həllinə kömək etmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir. Müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.
Müayinələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi Aynur Nəbiyeva, rezident Səbinə Quliyeva və Nuranə Ələkbərova tərəfindən həyata keçirilib.