Dendrologiya İnstitutu Şimali Qazaxıstan Universiteti ilə birgə beynəlxalq konfrans keçirib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu Qazaxıstan Respublikası Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti ilə birgə dosent V.L.Rabinoviçin anadan olmasının 100 illiyinə həsr edilmiş “Riyaziyyat və təbiət elmləri problemləri” mövzusunda XI beynəlxalq elmi-praktik konfrans keçirib.
Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, əyani və onlayn keçirilən konfransı giriş nitqi ilə Şimali Qazaxıstan Universitetinin rektoru Erlan Şulanov açıb.
İnstitutun baş direktoru dosent Minarə Həsənova konfransın plenar iclasında “Azərbaycan Respublikasının Abşeron yarımadasının şoran torpaqları üzərində bitən bəzi ağac və kol bitki növlərinin bioindikator xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. O, Abşeron yarımadasının təbii florasında şoranlaşmış torpaqların bərpasında istifadə edilən bir qrup bitki və introduksiya olunmuş ağac və kol bitkilərinin tədqiq edilməsi haqqında məlumat verib.
Konfrans iştirakçılarına Dendrologiya İnstitutunun elmi potensialı və laboratoriyaları barədə məlumat verilib. İki elmi müəssisə arasında imzalanmış memoranduma əsasən gələcəkdə qarşılıqlı məsləhətləşmələr və danışıqlar nəticəsində hər iki qurum tərəfindən iş planlarının hazırlanması planlaşdırılır. Hər iki qurum qarşılıqlı maraqlar çərçivəsində müştərək tədqiqatların aparılmasını, elmi kadrların hazırlığını və mübadiləsini, birgə tədqiqat layihələrinin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsini, nəşrlərin və tədris materiallarının mübadiləsinin təşkilini, müştərək seminarlarda və akademik görüşlərdə iştirakını nəzərdə tutur.
“Bu gün ali məktəblərin və elmi müəssisələrin böyük məqsədləri var. İndi sadəcə öyrətmək kifayət deyildir. Cəmiyyət bu müəssisələrdən tətbiqi elmi problemlərin həllini gözləyir. Məsələn, alimlər qlobal məsələlərin həlli üzərində işləyir, fundamental riyazi tədqiqatlar üçün qrant həyata keçirirlər və s. Ona görə də konfransın əsas məqsədi bilik mübadiləsi və yeni ideyaların doğulmasıdır”, - deyə Şimali Qazaxıstan Universiteti İnnovasiya və beynəlxalq məsələlər üzrə İdarə Heyətinin üzvü Damel Mektepbayeva bildirib.
Qeyd edək ki, mütəmadi olaraq keçirilməsi planlaşdırılan konfransa 125 məqalə qəbul olunub.